Roma Papası Fansis çərşənbə günü Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının birinci ilini "kədərli ildönümü" adlandırıb.
Ümumi auditoriya üçün etdiyi həftəlik çıxışı zamanı Roma Papası münaqişəni "absurd və qəddar müharibə" adlandırıb.
"Şəhid Ukrayna xalqının yanında qalaq və özümüzə sual verək: müharibəni dayandırmaq üçün mümkün olan hər şey edilibmi? Mən ölkələrin başçılarına münaqişəyə son qoymaq, atəşkəsə nail olmaq və sülh danışıqlarına başlamaq üçün konkret səy göstərmələri üçün müraciət edirəm" - deyə, Roma Papası bildirib.
Rusiya keçən il fevralın 24-də Ukraynaya qoşun yeritdikdən sonra Roma Papası dəfələrlə sülhə çağırıb. İşğaldan bir gün əvvəl o, bütün tərəfləri insanların daha çox əzab çəkməsinə səbəb olacaq hər hansı bir hərəkətdən çəkinməyə çağırıb və deyib ki, "müharibə təhlükəsi ürəyimə böyük ağrı gətirib".
Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə axşamı cənubdakı Xerson şəhərində 5 nəfərin ölümü və 16 nəfərin yaralanması ilə nəticələnən raket zərbəsindən sonra Rusiyanı dinc sakinləri "amansızcasına öldürməkdə" ittiham edib.
Şəhərin atəşə tutulması barədə Xerson vilayəti hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin də məlumat verib. Onun sözlərinə görə, şəhərdə azı 20 partlayış səsi eşidilib. Atəşin Qrad sistemlərindən həyata keçirildiyi güman edilir.
Xerson nəşri olan "Most"un məlumatına görə, mağaza və iki hündürmərtəbəli binaya da zərbələr dəyib.
Rusiya qüvvələri Ukrayna Silahlı Qüvvələrinin ötən ilin payızında əks-hücum əməliyyatı nəticəsində azad etdiyi Xerson və ona bitişik yaşayış məntəqələrini davamlı olaraq atəşə tutur. Yerli hakimiyyət orqanlarının məlumatına görə, Xerson və bölgə Rusiya tərəfindən gündə 50-70 dəfə atəşə tutulur.