Vaşinqtonda Xədicə İsmayıla dəstək aksiyası keçirilib [Video]

Your browser doesn’t support HTML5

Vaşinqtonda Xədicə İsmayıla dəstək aksiyası keçirilib

Azərbaycan səfirliyinin qarşısına toplaşan iştirakçılar araşdırmaçı jurnalistin azad edilməsinə çağırıb

Dekabrın 8-də Azərbaycanın Vaşinqtondakı səfirliyi qarşısında araşdırmaçı jurnalist Xədicə İsmayılın azad edilməsi tələbilə aksiya keçirilib. Təşkilatçı amerikalı foto-jurnalist Amanda Rivkin məqsədlərinin Azərbaycan hökumətindən saxta ittihamla həbs edilən Xədicə İsmayılın dərhal azadlığa buraxılmasını tələb etmək olduğunu deyib.

Vaşinqtonda havanın soyuq olmasın baxmayaraq Azərbaycan səfirliyinin qarşısına toplaşan amerikalılar və azərbaycanlılara Xədicə İsmayılın posteri paylanıb və onun gördüyü işlər barədə qısa fikir mübadiləsi aparılıb. Jurnalistlərin Beynəlxalq Mərkəzindən Patrik Batler Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayılın bütün dünya üçün yüksək keyfiyyətlərə malik jurnalist olduğunu deyib: “Xədicə bizimlə Mütəşəkkil Cinayət və Korrupsiya Xəbərçiliyi layihəsində çalışırdı. Biz onun özünü və işini dəstəkləyirik, eləcə də Əliyev hökumətini onu azad etməyə çağırırıq. Çünki onun saxlanmasını ədalətsiz həbs hesab edirik”.

Əllərində “Mətbuat azadlığına hörmət edin!”, “Jurnalistləri təhqir etməyin!” şüarları yazılmış plakatlar qaldıran iştirakçılar daha sonra Azərbaycan hökumətini Xədicə İsmayılı azad etməyə çağıran posterlərə imza ataraq dəstəklərini ifadə ediblər. Aksiyanın sonunda dəstək posterləri Azərbaycan səfirliyinə təqdim edilib.

Təşkilatçı Amanda Rivkin Amerikanın Səsinə bildirib ki, Xədicə İsmayıl post-Sovet məkanında ucalan nadir səslərdəndir.

“Onun araşdırmaları zənginliyinə görə ən nadir işlərdəndir. Mən özüm şəxsən ondan bu sahədə çox şey öyrənmişəm. Bu da aşkardır ki, o, gördüyü bu işlərə görə həbs edilib. Ona görə mən Azərbaycan hökumətini onu dərhal azad etməyə çağırıram. Bilirəm ki, Xədicə özü burada olsaydı, deyərdi ki, diqqəti mənə yox, Azərbaycandakı bütün siyasi məhbuslara yönəlt. Təəssüf ki, hazırda onun səsinin qarşısını alıblar. Fikrimcə Azərbaycan hökuməti onun bütün dünyada dəstəklənən səsinə ciddi məhəl qoymayıb”, Amanda Rivkin bildirib.

İştirakçı Orxan Böyükzadə isə Xədicə İsmayılla yanaşı bütün digər siyasi məhbuslara azadlıq tələbi ilə buraya gəldiyini deyir: “İlk olaraq buraya Xədicə İsmayılın son həbsi ilə bağlı etirazımızı bildirmək üçün gəlmişik . Həmçinin ümumilikdə Azərbaycanda vətəndaş cəmiyyətinə, demokratik qüvvələrə qarşı təzyiqlərə etirazımızı bildiririk. Üzvü olduğum Respublikaçı Alternativ Hərəkatının (REAL) rəhbəri İlqar Məmmədova, eləcə də NİDA Vətəndaş Hərəkatının üzvü Rəşad Həsənov və digər üzvlərinə görə buradam. Azərbaycan hökumətiNə etirazımı bildirirəm və tələb edirəm ki, onlar tez bir zamanda və qəti şəkildə azad olunsunlar”.

Rivkin bu aksiya ilə dünya ictimaiyyətinə də mesaj çatdırmaq istədiklərini bildirib: “Dünya ictimaiyyətinə mesajım odur ki, post-Sovet məkanında mətbuat azadlığı daralır. Və orada vacib araşdırmaçı səs kimi Xədicənin səsi eşidilməlidir. Bunun üçün də Xədicə başda olmaqla bütün siyasi məhbuslar azadlığa buraxılmalıdır”.

Xatırladaq ki, Azərbaycan hökuməti ölkədə siyasi məhbus olmadığını bildirir. Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Xədicə İsmayılın konkret cinayət əməlində şübhəli bilindiyini və məhkəmənin qərarı ilə həbs olunduğunu deyib.

Beynəlxalq insan haqları təşkilatları isə Xədicə İsmayılın siyasi motivlərlə həbs edildiyini bildirərək, Azərbaycan hökumətini onu dərhal azad etməyə çağırır.