Oktyabrın 30-da ABŞ Konqresində beynəlxalq ictimaiyyət tərəfindən tanınmamış “Dağlıq Qarabağ Respublikasının” müstəqillik gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə özünü qurumun xarici işlər naziri kimi təqdim edən Masis Mayiliyan iştirak edib.
Mayiliyan Dağlıq Qarabağda yaradılmış tanınmayan “Artsax Respublikasının” beynəlxalq ictmaiyyət tərəfindən tanınmasına çağırıb.
“Bu gün Artsaxın müstəqilliyinin beynəlxalq ictimaiyyət tərəfindən tanınması Azərbaycandan gələn təhlükəyə ən uyğun cavabdır. Mən vurğulamaq istəyirəm ki, Artsax Respublikasının tanınması beynəlxalq vasitəçilərin Azərbaycan-Qarabağ münaqişəsinə dinc həl yolu tapmaq səylərinə xələl gətirmir və bu prosesin məntiqinə tamamilə uyğundur,” o deyib.
Tədbirdə çıxış edən ABŞ qanunvericisi Frank Pallon isə bu yaxınlarda Dağlıq Qarabağ ərazisinə səfər etdiyini deyib və bu səfərdən sonra müharibənin qarşısını almaq üçün daha çox iş görməli olduqlarına dair nəticə çıxardığını söyləyib.
Amerika Erməni Milli Komitəsinin icraçı direktoru Aram Hamparyan isə Amerikanın Səsinə tədbirin məqsədi barədə danışıb.
“Biz Konqresdə Artsaxın müstəqilliyini qeyd edirik. Və Dağlıq Qarabağ kimi də tanınan Artsaxın hekayəsini anlatmaq üçün buradayıq. Bu, bir Amerika hekayəsidir, azad insanların xarici idarəçilik üzərində zəfər hekayəsidir. Məncə bu, amerikalılarla rezonans döğurur. Bu səbəbdən də bu gün burada çox sayda konqresmen görürük və Konqresdə bu cür təbdirlərə bu qədər diqqət yetirilir.”
Tədbirdə erməni icmasının üzvləri ilə yanaşı ABŞ Nümayəndələr Palatasının erməni kokusunun üzvləri olan konqresmenlər də iştirak edib. Onlar Azərbaycan hökümətini tanınmamış Dağlıq Qarabağ Respublikasının müstəqilliyini tanımağa çağırıb.
“Biz hamımız səbirsizliklə sülhü gözləyirik. Azərbaycan höküməti qəbul etməlidir ki, Sovet İttifaqı əhalisinin ən son siyahıya alınamsında Azərbaycanda yaşayan yarım milyon erməni evlərindən qovulub. Bunu nəzərə aldıqda, Azərbaycan hazırda Artsax Respublikası kimi tanınan Dağlıq Qarabağın müstəqilliyinə etiraz etmək mövqeyində deyil,” Brad Şerman bildirib.
Bu tədbir ABŞ Nümayəndələr Palatasının Osmanlı imperatorluğu dövründə ermənilərin qətllərini "soyqırım" kimi tanımasından bir gün sonraya təsadüf edib.
Tədbirdən öncə tədbirin keçirildiyi Konqresin Rayburn binasının önündə bir qrup azərbaycanlı etiraz aksiyası keçirib. Aksiyada Vaşinqton və Nyu York şəhərlərində yaşayan Azərbaycan icmasının üzvləri iştirak edib. Onlar əllərində “Ermənistanın Azərbaycanda təcavüzünə son qoyulsun”, “Ermənistan beynəlxalq qanunları pozur” “BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal çıxarılmasına çağırır” kimi şüarların yazıldığı plakatlar nümayiş edib və mesajlarını tədbir və aksiya iştirakçıları habelə ABŞ Konqresinin üzvlərinin diqqətinə çatdırmağa çalışıb.
Azərbaycan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin təmsilçisi Masis Mayilyanın ABŞ ərazisinə daxil olması ilə əlaqədar ölkəmizin ABŞ-dakı Səfiri Azərbaycan tərəfinin ciddi etirazını Dövlət Departamentinin diqqətinə çatdırıb.” Bəyanatda bildirib ki, Azərbaycan səfirliyi tərəfindən ABŞ Konqresinin Nümayəndələr Palatasının spikerinə, eləcə də rəhbər heyətinə, bir-sıra komitə sədrlərinə müvafiq məktublar ünvanlanıb.