Elçin Kərimov: Azərbaycanda dövlət idarəçiliyi sistemi himayədar-müştəri iyerarxiyasına əsaslanır

Mayın 7-də Vaşinqtonun Corc Vaşinqton Universitetində Mərkəzi Asiya - Azərbaycan təqaüdçülərinin seminarı keçirilib. “Orta Asiya və Azərbaycanda gənclik, icitmai fəallıq və dövlət qulluğu” adlı seminarda bir neçə Mərkəzi Asiya ölkəsi və Azərbaycandan təqaüdçülər proqram çərçivəsində apardıqları tədqiqatları təqdim edib. Onların arasında azərbaycanlı müstəqil tədqiqatçı Elçin Kərimov da yer alıb.

Amma ASAN-ın əhatə dairəsi məhduddur və bütün dövlət qulluğu sektorlarını əhatə etmir. Bu səbəbdən də dövlət idarəçiliyinin başqa hissələri hələ də korrupsiyaya qərq olunub və effktiv deyil.
Elçin Kərimov

Elçin Kərimov “Patronaj sistemindən rəqabətli dövlət sisteminə keçid: Azərbaycan nümunəsi” adlı tədqiqatında Azərbaycanda meritokratik dövlət xidməti qurmağın yollarına nəzər salıb.

Amerikanın Səsinə verdiyi müsahibədə tədqiqatçı deyib ki, o, araşdırması çərçivəsində “Azərbaycanda baş verən son islahat cəhdləri, ictimai siyasət qurucularının və dövlət qulluğunun vəziyyəti, eləcə də ümumi siyasi sistemin islahat cəhdlərinə necə cavab verməsini” araşdırıb.

Təqdimat zamanı Elçin Kərimov deyib ki, Azərbaycanda dövlət idarəçiliyi sistemi himayədar-müştəri iyerarxiyasına əsaslanır. Onun sözlərinə görə, bu cür sistem islahat səylərinə maneə törədir və dövlət resuslarından səmərəli istifadə etmir. Bu səbədən də, o, belə bir mühitdə islahatların nə dərəcədə mümkün olduğunu araşdırıb.

Onun dediyinə əsasən, meritokratiyanın əsas prinsiplərindən birininin dövlətin korrupsiya qarşı mübarizəsidir, amma Azərbaycan bu məsələdə bir çox ölkədən, o cümlədən, Sinqapur, Çin və Malayziyadan geri qalır.

Elçin Kərimov deyib ki, Azərbaycan son illərdə meritokratik prinsiplər təqdim edib. “Bunun bir nümunəsi ASAN xidmətidir. Bu sistem çox şəffaf və effektivdir. Amma ASAN-ın əhatə dairəsi məhduddur və bütün dövlət qulluğu sektorlarını əhatə etmir. Bu səbəbdən də dövlət idarəçiliyinin başqa hissələri hələ də korrupsiyaya qərq olub və effktiv deyil.”

Elçin Kərimov

Seminarda həmçinin Kırğızıstandan Rovşanə Sarkeyeva, Qazaxıstandan Dinara Əlimxanova və Özbəkistandan Dilmira Matyakubova öz tədqiqatlarını təqdim edib.

Onların araşdırmaları cari ilin iyun ayında CAP proqramının veb səhifəsinə yerləşdiriləcək.

Mərkəzi Asiya - Azərbaycan Təqaüd (CAP) proqramı tədqiqatlarını və anlitik bacarıqlarını genişlərdirmək, eləcə də ölkələrində icitmai siyasi lider olmaq istəyən gənc peşəkarlar - alimlər, hökümət rəsmiləri, siyasi ekspertlər, insan haqları fəalları üçün nəzərdə tutulub. Təqaüdün məqsədi Orta Asiya, Azərbaycan və ABŞ-ın elm və siyasi icmaları arasında davamlı intellektual şəbəkələr qurmaq və fikir mübadiləsi üçün platforma yaratmaqdır.