Vaşinqton Post yenidən Azərbaycandakı vəziyyətlə bağlı məqalə dərc edib

ABŞ-ın nüfuzlu Vaşinqton Post qəzetində Azərbaycanla bağlı növbəti redaksiya məqaləsi birinci xanım Mehriban Əliyevanın bu yaxınlarda Parisdə üzləşdiyi insidentin təsviri ilə başlanır. Fransa paytaxtında "Azərbaycan – tolerantlıq məkanı" adlı fotosərginin açılışında bir araşdırmaçı jurnalist xanım Əliyevadan Azərbaycanın doğrudanmı dözümlülük məkanı olduğunu soruşur? Axı ölkədə xeyli sayda siyasi məhbus var. "Bunu necə deyə bilərsiniz?" - xanım Əliyeva qəzəbli şəkildə cavab verir: "Bu, həqiqət deyil". O, jurnalistə məsləhət görür ki, düzgün informasiya əldə etsin. Bu zaman is' jurnalist insan haqları fəalı Leyla Yunus və jurnalist Xədicə İsmayılovanın məhkum edilməsi barədə soruşur. Cavab gəlmir. Birinci ledi çevrilib gedir, təhlükəsizlik işçiləri isə jurnalisti uzaqlaşdırırlar.

"Həmin jurnalist, eləcə də xanım Əliyeva və həyat yoldaşı, prezident İlham Əliyev "düzgün informasiya" istəyirsə, Avropa Parlamentinin Azərbaycanla bağlı sentyabrın 10-da qəbul etdiyi qətnaməni oxusunlar. Qətnamədə bildirilir ki, Azərbaycanda insan haqlarının durumu son bir neçə ildə davamlı şəkildə pisləşib, insan haqları fəalları, jurnalistlər və vətəndaş cəmiyyətinin digər üzvlərinin qorxudulması və repressiyaya məruz qalması artıb. Qətnamədə deyilir ki, 2006-cı ildən bəri Bakının mərkəzində dinc etiraz aksiyaları qadağan edilib, jurnalistlər davamlı hədə-qorxu və təqibə məruz qalıb. Meydan TV onlayn xəbər şəbəkəsinin təsisçisi Emin Milli də onların sırasındadır. O, ölüm hədələri alıb.

Bir az da "dəqiq informasiya" lazımdır? Azərbaycan bu yaxınlarda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Bakıdakı ofisini bağlayıb, demokratiya və insan haqlarını monitorinq edən daha bir vacib kanalı susdurub. Avropa Parlamentinə görə, son 10 ildə bütün Avrasiya ərazisində məhz Azərbaycanda demokratik idarəçilik sahəsində ən böyük geriləmə baş verib. Avropa Birliyinin Azərbaycanla insan haqları dialoqu isə əsaslı irəliləyişə nail ola bilməyib" - deyə qəzet yazır.

Redaksiya məqaləsində daha sonra qeyd olunur ki, Azərbaycandakı durumla bağlı bu ittiham aktı təsdiqlənəndən bir gün sonra hökumət Avropa Komissiyasının planlaşdırılan səfərini təxirə salır. Nümayəndə heyəti Azərbaycanla strateji tərəfdaşlıq razılaşmasını müzakirə etməyi planlaşdırırdı: "Bir neçə gün sonra cənab Əliyev Bakıda məktəblilərlə görüşündə bəyan edir ki, "Bəzi qüvvələr istəyirlər Azərbaycanı özlərinə tabe etsinlər ki, biz başqalarının iradəsi ilə yaşayaq, hərəkət edək". Cənab Əliyev əlavə edib ki, "Bu gün Azərbaycan etibarlı əllərdədir. Heç bir kənar qüvvə bizim iradəmizə, müstəqilliyimizə təsir edə bilməz". Prezident Avropadakı qaçqın böhranıyla bağlı avropalılara sual edir ki, "Bəs haradadır tolerantlıq, haradadır multikulturalizm, xeyirxahlıq, mərhəmət, haradadır?!"".

Vaşinqton post yazır ki, cənab Əliyev uzun müddət ölkədə narazıları repressiyaya məruz qoyub, xaricdən gələn tənqidləri ağzından vura biləcəyinə inanıb: "O, xoşniyyətli işlərə səxavətlə milyonlarla dollar xərcləyib. Bu il Bakıda keçirilən Avropa Oyunlarına əlavə milyonlar sərf olunub, iştirakçı atletlər isə insan haqları pozuntuları barədə deyilənləri vecə almayıb".

"Ancaq cənab Əliyev həmişəlik belə davam edə bilməz. Xanım Yunus və həyat yoldaşı Arif, eləcə də xanım İsmayılovaya dəhşətli münasibət bütün dünyanın diqqətini cəlb edib. Bütün bunları Parisdə dəbdəbəli fotosərgilərlə ört-basdır etmək mümkün olmayacaq" - deyə Vaşinqton Postun redaksiya məqaləsində deyilir.

Hakimiyyət təmsilçiləri ölkədə fundamental hüquq və azadlıqların tam təmin olunduğunu bildirir. Beynəlxalq medianın, eləcə də beynəlxalq hüquq-müdafiə təşkilatlarının tənqidləri ölkəyə qarşı "qarayaxma" kampaniyası kimi dəyərləndirilir. Bir müddət əvvəl rəsmi Azərbaycan qəzeti isə Vaşinqton Post və Guardian qəzetlərini ikitərəfli münasibətlərdə əldə olunmuş "atəşkəsi pozmaqda" ittiham edən məqalə yayıb.