Bloq: Vaşinqton Örnəyi

  • Əsgər Möhsümoğlu

Corc Vaşinqtonun Amerika və dünya tarixində demokratiyanın atası kimi yer aldığı mövqe bəzən onun öz zəmanəsində üzləşdiyi sınaqları və tarixi gerçəkliyi pərdələyir.

“Hamı Vaşinqtonu sevirdi, ta prezident olanadək,” Gillian Brockell yazır.

Tarixçi Alexis Kounun Amerikanın banisi haqda yazdığı bioqrafiyanı şərh edən müəllif demokratiya tarixinin ən parlaq şəxsiyyətlərindən biri sayılan adamın üzləşdiyi sınaqları qeyd edərkən demokratiya yolunun nə dərəcədə qeyri-hamar olduğuna diqqət çəkir.

Hakimiyyətə gələndə atəşfəşanlıqlarla, hədsiz xalq sevgisi ilə qarşılaşan Vaşinqton prezidentliyinin sonuna yaxın bəzi dariələrdə az qala ikrah obyektinə çevrilmişdi. İş o yerə çatmışdı ki, Konqres prezidentin ad gününü təbrik etmək üçün 30 dəqiqəlik tənəffüs götürmək təklifini belə rədd etmişdi.

İstiqlal Bəyannaməsinin müəllifi və ABŞ-ın 3-cü prezidenti Tomas Ceffersona yaxınlığı ilə tanınan "National Gazette" Prezident Corc Vaşinqtonu ən sərt tənqid edən qəzetlərdən idi. Üzləşdiyi tənqidlərə baxmayaraq, Vaşinqton öz hakimiyyəti dönəmində hökumətin qəzet buraxması ideyası əleyinə çıxır və mətbuat azadlığını dəstəkləyirdi.

Az adam bilir ki, Vaşinqton Konqresdə vida çıxışını edəndə, ona qarşı ictimai-siyasi qəzəb o həddə idi ki, bəziləri əl çalmaqdan imtina etmişdi. Onların sırasında Birləşmiş Ştatların gələcək prezidenti Endryu Cekson da var idi.

Hakimiyyətə gələn gündən Vaşinqtonun üzləşdiyi dilemmalar demokratik idarəçiliyin, konsensual hökumət saxlamağın məşəqqətlərinə maraqlı nümunədir.

Məsələn, bilirdinizmi ki, Vaşinqtonun İngiltərə ilə bağladığı saziş o qədər narazılıqla qarşılanmışdı ki, Fransa səfiri on min amerikanı Filadelfiya küçələrinə çağıraraq Vaşinqtonu evindən “sürükləyib çıxarmaqla” hədələmişdi?

Yaxud, hakimiyyətinin ilk günlərində qiyamla üzləşən Vaşinqton ordudan öz vətəndaşlarına qarşı istifadə etmək məcburiyyətində qalan ilk və yeganə prezident olmuşdu?

O vaxt Konqresə yenicə seçilmiş, sonradan ABŞ-ın 7-ci prezidenti seçiləcək və şəkli 20 dollarlıq əskinasda əks olunacaq Endryu Cekson Corc Vaşinqtonun vida çıxışında əl çalmaqdan imtina etmişdi.

Sözsüz ki, Vaşinqton cəsur və misilsiz siyasi irsə malik liderdir. Amma o, kamil deyildi - və onun idarəçiliyi haqda çağdaş ictimai təsəvvür o vaxtkı reallıqdan daha ürəkaçandır.

İnsanlarda keçmişə baxıb onu ideallaşdırmaq həvəsi adətən güclü olur, nostalji hissləri keçmişin bir çox mənfi cəhətlərini ört-basdır edir.

Ancaq bu heç də o demək deyil ki, Vaşinqtonun əldə etdiyi həqiqi nailiyyətlər – dünyanın ən qüdrətli imperiyasını məğlub etməsi, vətəninə istiqlaliyyət bəxş etməsi, dünya düzənini dəyişəcək demokratik respublika qurması, körpə demokratiyanı ayaq üstə dirçəltməsi, onun ilk rəhbəri olaraq hakimiyyətdən könüllü çəkilməsi nəhəng nailiyyətlər deyil.

Eyni zamanda Amerika demokratiyasının qüdrətini tək bir adamın adına bağlamaq ədalətli olmazdı.

Deyilənə görə, Konstitutsiya Qurultayından çıxarkən bir qrup nigaran vətəndaş Bencamin Franklinə yaxınlaşaraq nümayəndələrin nə yaratdığını soruşur. “Respublika - əgər saxlaya bilsəz,” deyə Franklin cavab verir.

229 yaşı olan ABŞ Konstitutsiyası dünyanın ən qocaman işlək konstitutsiyası sayılır.

Əsrlərin müxtəlif sınaqları ilə üzləşən amerikanlar həmin respublikanı qoruyub saxlamağa nail olublar – bəzi hallarda minlərlə insanın qanı bahasına.

“Azadlığı məhv olmaqdan cəmi bir nəsil saxlayır,” Birləşmiş Ştatların 40-cı prezidenti Ronald Reyqan müşahidə etmişdi. “Biz bunu uşaqlarımıza genlə ötürməmişik. Onun uğrunda savaşılmalıdır, qorunmalıdır və növbəti nəslə miras qoyulmalıdır ki, onlar da eyni şeyi edə bilsinlər.”

Reyqan anlayırdı ki, demokratiya və azadlıq bu idealları qoruyan nəslin mübarizliyi, həmin ideallar naminə mücadiləyə hazırlığı qədər vardır. Əgər uğrunda ölən yoxdursa - istər bayraq olsun, istərsə də Konstitutsiya - daimi heç nə yoxdur.

Vaşinqtonun ağrılı təcrübəsi öz vətənlərində demokratiya görmək istəyənlər üçün də ibrət dərsi ola bilər.

Demokratiyalar səliqəsiz olur, liderlər bəzən qeyri-populyar qərarlar verir - hətta, Britaniya Baş Naziri Vinston Çörçill kimi, bəzən xilas etdiyi millət tərəfindən səsvermə yolu ilə hakimiyyətdən uzaqlaşdırılır.

Kommunizmə qarşı mübarizədə Amerikanı bəşəriyyətin “son ən yaxşı ümidgahı” adlandıran Prezident Ronald Reyqan qurucu babaların qoyub getdiyi respublikanı və azadlıqları qorumağı hər nəslin vəzifəsi hesab edirdi.

Həqiqi demokratik liderlər tənqid olunur, məsxərəyə qoyulur, hətta söyülür – bəzən haqlı, bəzən də haqsız yerə. Ancaq onların irsini qısa dönəmdəki emosiyalar, taktiki manevrlər, ara-sıra xətalar müəyyən etmir.

Siyasi irsin qüdrətini onun dayanıqlığı, təşviq etdiyi dəyərlərin humanizmi, universallığı, zəfəri, vaxtsızlığı müəyyən edir. Corc Vaşinqton kimi bu imtiyazı qazanmaq hər liderə nəsib olmur.