Fevralın 25-də ABŞ Konqresində Midwest Azərbaycan Mərkəzi Xocalı soyqırımınının 24-cü ildönümünə həsr olunmuş “Xocalı üçün Ədalət” adlı tədbir keçirib. Tədbirdə ABŞ-ın Azərbaycandakı icmasının üzvləri ilə yanaşı, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, ABŞ konqresmenləri və MİNSK qrupunun amerikalı həmsədri Ceyms Uorlik iştirak edib.
Açılış çıxışında Elin Sülyemanov Xocalı soyqırımı ilə bağlı qısa məlumatla bölüşüb. Daha sonra o, Xocalı xatirələrinin bizə münaqişənin tez bir zamanda həll olunmalı olduğunu göstərdiyini deyib.
O, ermənilərlə azərbaycanlıların yanaşı bir-birlərini öldürmədən, torpaqlarından qovmadan sülh içində yaşaya bilcəkləri bir regionun yaranmasının vacibliyni vurğulayıb.
ABŞ Konqresində Azərbaycan kokusunun həmsədri Stiv Kohen də regionda sülhün bərpasının zəruriyyətini dilə gətirib. O, Azərbaycanın strateji baxımdan çətin bir regionda yerləşməsinə baxmayaraq, həm enerji sektorunda, həm də ABŞ-ın İraq və Əfqanıstanda apardığı hərbi əməliyyatlardakı əməkdaşlığına görə ABŞ-ın yaxın müttəfiqi olmaqda davam etməsini alqışlayıb.
Konqresmen Kohen Dağlıq Qarabağ münaqişəsinin həllində ABŞ-ın Rusiya ilə yaxın əməkdaşlıq etməsinin mühüm olduğunu qeyd edib.
Təbirdə çıxış edən digər konqresmenlər də münaqişənin həllinin vacibliyini dilə gətirib, Rusiyanın rolunu vurğulayıblar.
Həmkararı ilə eyni fikirləri bölüşən konqresmen Donald Peyn isə ABŞ-ın Azərbaycanla səmimi dosluğunu davam etdirməsi üçün, Azərbaycana birbaşa yardımı qadağan edən Konqresin 907-ci düzəlişinin ləğvinə çağırıb.
Tədbirin sonunda iştirakçılar Xocalı soyqırımı ilə bağlı qısa sənədli film izləyiblər.