Ekspertlər manatın sürətlə möhkəmlənməsini spekuliyasiyanın nəticəsi sayır (şərhlər)

Fevralın 9-da Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracında dollar manata nisbətdə 9 qəpik ucuzlaşıb, - bir dollar 1,7301 manat olub. Bu, son bir həftədə doların 18 qəpik ucuzlaşması deməkdir.

Kommersiya bankları isə dolların alış məzənnəsini daha kəskin azaldıb, fevralın 8-də bu rəqəm 1,68-1,73 manat təşkil edib. Satış məzənnəsi 1,78-1,89 manat intervalında olub.

Son günlər heç bir açıq iqtisadi və ya siyasi səbəb olmadan dolların və avronun məzənnəsi kəskin şəkildə azalıb.

İqtisadçı ekspertlər valyuta bazarında manatın birdən-birə kəskin möhkəmləndirilməsini açıq-aşkar spekulyasiya kimi qiymətləndirir.

Qubad İbadoğlu: Bahalaşma müvəqqəti xarakter daşıyır

İqtisad elmləri doktoru Qubad İbadoğlunun fikrincə, bir müddət öncə sərbəst üzən məzənnəyə keçid görüntüsü yaradılsa da, çox keçmədən bundan bəzi məqsədlər üçün istifadə olunub.

Qubad İbadoğlu

“Manatı sürətlə ucuzlaşdırıb, dolları baha satanlar istədiklərinə nail olduqdan sonra əks proseslərə rəvac verməyə başladılar. Əslinə bu proses sərbəst bazarda müstəqil iştirakçıların tələb və təkliflərinin tarazlığı şəraitində müşahidə olunsaydı, onu yalnız alqışlamaq olardı. Lakin, son 1 ayda baş verənlər bütövlükdə iqtisadiyyatın deyil, ayrılıqda maliyyə-bank sahəsini idarə edənlərin şəxsi və korporativ maraqlarına xidmət edir”.

Ekspert yaranmış situasiyaya belə qiymət verir.

“Onun sxemi də çox sadədir. Manatın sərbəst üzən məzənnə rejiminə keçidi adı altında ajiotaj yaradıldı, Neft Fondu dollarları baha qiymətə satıb, bu ilin 1-ci ayında qazandığı 550 milyon manata qədər vəsaiti dövriyyədən çıxararaq anbarlara doldurdu. Sonra bazardan yığdığı manatın bir hissəsini büdcəyə köçürdü, digər hissəsini isə gələcək transfertlər üçün ehtiyatda saxladı. Beləliklə də valyuta bazarında əks dollarlaşma effekti və manat qıtlığı yarandı”.

İbadoğlu sual edirki, bu nədən baş verir?

“Təəssüf ki, valyuta bazarında yalnız iki oyunçu var. İkisi də dövlət təşkilatıdır, onlardan biri təklifi, digəri isə tələbi formalaşdırır. Onların hər ikisi inhisarçıdır. Dövlət Neft Fondu dolların, Azərbaycan Mərkəzi Bankı isə manatın yeganə istehsalçısıdır. Onlar da öz fəaliyyətlərini iqtisadi qanunlarla deyil, inzibati üsullarla qurduğundan manatı istənilən vaxt ucuzlaşdırmaq və ya bahalaşdırmaq onlara heç bir çətinlik yaratmır”.

Son günlər manatın məzənnəsində müşahidə olunan bahalaşmaya gəlincə, ekspert hesab edir ki, bu müvəqqəti xarakter daşıyır.

“Çünki, onu şərtləndirən başlıca amil manatla pul kütləsinin mərkəzləşdirilmiş qaydada ixtisarıdır. Beləliklə də idxal əməliyyatlarının genişlənməsini buxovlayan monetar siyasətlə bütövlükdə işgüzar fəallıq aşağı salınıb, alıcılıq qabliyyətini azalıb, nəticədə iqtisadiyyat bir az da kiçilib, istehlak bazarında mal çeşidləri bir az azalıb, hətta bır sıra dərman peraparatları və ərzaq məhsullarının qıtlığı da yaranıb. Birtərəfli düşüncənin göstəricisi olan hazırkı məzənnə siyasəti ölkədə iqtisadiyyatın idarə olunmasına kompleks yanaşmanın olmamasını bir daha təsdiq edir. İxracın inkişafına çətinlik yaradan cari məzənnə siyasəti indiyə qədər ixraca dövlət dəstəyi istiqamətində həyata keçirilən tədbirlərin effektini bir az da azaldır”, elmlər doktoru qeyd edir .

Vüqar Bayramov: 4 faizlik marja bərpa olunmalıdır

İqtisad elmləri doktopru Vüqar Bayramov yazır ki, bir sıra banklarda dollar 1.68 kursu ilə alınır 1.85 məzənnəsi ilə satılır. Bu o deməkdir ki, bank vətəndaşdan 100 dolları 168 manata alır və elə həmin 100 dolları digər vətəndaşa 185 manata satır.

Vüqar Bayramov

“Nəticədə, sadə əməliyyatdan hər 100 dollarda bank 17 manat və hər 1000 dollarda isə 170 manat qazanır. Əgər bank 1000 dolları 1680 manata alıb 1850 manata satırsa, bu süni gəlir hesab edilə bilər. Çünki xərc ilə satış qiyməti arasında kəskin fərq var”.

O xatırladır ki, Mərkəzi Bank marjanı ləğv etdikdən sonra banklar kursu müəyyənləşdirməkdə sərbəstdirlər.

“Amma bank sektorunda rəqabətin zəif olduğunu və eləcə də Mərkəzi Bankın müdaxiləsini nəzərə alaraq daha məqsədəuyğun olardı ki, xarici valyutaların alış və satış kursları arasında marja müəyyənləşdirilsin. Təbii ki, söhbət Mərkəzi Bankın rəsmi məzənnəsi ilə bağlılıqdan getmir. Valyutanın alış və satış kursları arasında 4 faizlik marj müəyyənləşdirilə bilər. Bu zaman 1.68 kursu ilə dolları alanlar onu təxminən 1.75 kursu ilə satacaqlar. Bu halda isə, nə bank hər 1000 dollarda 170 manat qazanacaq, nə də vətəndaş bu qədər itirəcək. Bank üçün fərq hər 1000 dollarda 70 manat olacaq ki, bu da kifayət qədər normal gəlir hesab edilə bilər. Əslində, uzun müddət bankların dollar satışından əldə etdiyi fərq 4 faizdən də az idi”.

Ekspert hesab edir ki, marjanın müəyyənləşdirilməsi “qara bazar”ı stimullaşdırmayacaq.

“Çünki banklar aldığı valyutanı satan zaman normal faizli gəlir əldə edəcəklər. Əksinə valyuta məzənnələrinin müəyyənləşdirilməsində banklar arasında rəqabət yaradacaq. Bu mövcud məzənnə siyasətinin prinsiplərinə də zidd hesab edilməməlidir. Çünki sektorda rəqabətin formalaşması və istehlakçıların hüquqlarının qorunması üçün Mərkəzi Bank prosesə müdaxilə edə bilir. Eyni zamanda bu marja həmçinin valyuta satışında bankların spekulyativ müdaxilələrin də qarışını alacaq. Buna görə də, bankların alış-satış məzənnələri arasında asılılığın yaradılması məqsədəuyğundur”, o facebook səhifəsində yazır.

Natiq Cəfərli: Pul kütləsi azalıb, manat qıtlığı yaradılıb

İqtisadçı Natiq Cəfərli hesab edir ki, manatın güclənməsi müvəqqətidir və tezliklə qiymətdən düşəcək.

Natiq Cəfərli

Ekspert deyib ki, dünyanın başqa maliyyə bazarlarında dolların ucuzlaşması ABŞ-ın daxili problemləri və Trampın qərarları ilə bağlı olsa da, Azərbaycanda inzibati qərarlarla əlaqədardır.

“Manatın güclənməsinin iqtisadi əsasları yoxdur. Ölkə idxaldan asılıdır. Azərbaycan dolları yalnız SOCAR sayəsində qazanır”, o bildirib.

İqtisadçı hesab edir ki, bu, Azərbaycan Mərkəzi Bankının (AMB) monetar siyasətinin sərtləşməsinin nəticəsidir. Pul kütləsi azalıb, manat qıtlığı yaradılıb. AMB depozit hərraclarında manat toplayır.

N.Cəfərli qeyd edib ki, fevralın II yarısından büdcə xərcləri başlayacaq və manat həcmi artacaq. Martda 9 gün qeyri-iş günü olacaq, çoxları xaricə gedəcək. İqtisadçının fikrincə, bu, xarici valyutaya tələbatı artıracaq.

Samir Əliyev: Manatın bahalaşması spekulyasiya ilə bağlıdır

İqtisadçı Samir Əliyev hesab edir ki, manatın möhkəmlənməsinin fundamental əsası yoxdur, manatın bahalaşması uzunmüddətli və dayanıqlı deyil.

Samir Əliyev

“Manatın bahalaşması spekulyasiya ilə bağlıdır. Kreditləşmə imkanları məhdudlaşan banklar yeni gəlir mənbəyi əldə ediblər və zərərləri valyuta alqı-satqısı hesabına aradan qaldırırlar”, o facebook səhifəsində bildirib.

Ekspert qeyd edib ki, bir qayda olaraq ilin əvvəlki aylarında büdcə xərclərinin icra səviyyəsi aşağı olur, iqtisadiyyata yönəldilən pul kütləsi az olduğundan manat qıtlığı hiss olunur. Dollara tələbat isə aşağı səviyyədə olur.

S.Əliyevin fikrincə, manatın ucuzlaşması həmin borcların qaytarlmasına çətinlik yaradır. Bu vəsaitlərin bir hissəsi Neft Fondu tərəfindən Mərkəzi Banka ayrılan vəsait hesabına ödəniləcək. Məsələn, mətbuatda gedən məlumata görə, Azərbaycan hökuməti Beynəlxalq Bankın 3 milyard ABŞ dolları həcmində borcu öhdəsinə götürüb.

Ekspert hesab edir ki, Mərkəzi Bank spekulyasiyanın qarşısını almalıdır və manatın əsas olmadan bahalaşmasına imkan verməməlidir.

“Manatın indiki möhkəmlənməsi müvəqqətidir. Bir müddətdən sonra yenidən ucuzlaşma müşahidə ediləcək”, o bildirib.