Vali: Qərbi Azərbaycan sinif otaqlarının yarısı təmir edilməli, və ya yenidən tikilməlidir

Qərbi Azərbaycan

Qərbi Azərbaycan vilayətinin valisi deyib ki, vilayətdə mövcud olan 24 min sinifdən 50 faizi təmir edilməli, yaxud da sökülüb yenidən tikilməlidir.

İSNA xəbər agentliyi bu haqda məlumat verib.

Qərbi Azərbaycanda savadsızlıq ölkə göstəriciləri ilə müqayisədə yüksək səviyyədədir.

Vali Məhəmməd Mehdi Şəhriyarinin sözlərinə görə, azı 12 min sinif otağı yenilənməlidir.

"Keçən il Planlaşdırma Şurasının qərarı ilə vilayətin savadsızlıq səviyyəsinin yüksək olması və təhsil keyfiyyətinin aşağı səviyyədə olması səbəblərindən dolayı təhsilə büdcə ayırmaq üçün prioritet verildi," o, qeyd edib.

Şəhriyari həmçinin vəd edib ki Təhsil Nazirliyi vilayətə xüsusi diqqət yetirərsə, xeyriyyəçilərin köməyi sayəsində iki ilə təhsil göstəricilərini ölkə üzrə orta səviyyəyə gətirib çatdırmaq mümkündür.

Qərbi Azərbaycan Məktəblərinin İnkişafı ve Təchiz edilməsi üzrə baş direktoru Aydın Rəhmaninin dediyinə görə hal hazırda Qərbi Azərbaycan vilayətində 477 sinif vaqon məktəb mövcüddür.

Qərbi Azərbaycan vilayətində savadsızlıq qadınlar arasında nisbətən daha yüksək səviyyədədir.

Vaqon məktəblərində soyuq aylarda tələbə uşaqlar çətin şəraitlə üzləşirlər.

Savadsızlıq və təhsil obyektləri baxımından Qərbi Azərbaycan vilayəti ölkə miqyasında ən aşağı səviyyələrdədir. İranda əhalinin 15 faizi savadsız ikən, vilayətin 20 faizi savadsızdır.

Qərbi Azərbaycan vilayəti təhsil idarəsinin sədr müavini vilayətdə yaşı 6-dan yuxarı olan əhalinin 20 faizini təşkil edən 563 min nəfərin savadsız olduğunu və onların 67 faizinin (375 min nəfər) qadınlardan ibarət olduğunu açıqlamışdı.