Vaşinqtonda İran azərilərinə dair forum keçirildi

  • Əsgər Möhsümoğlu
Türk adlarına qoyulan qadağaya toxunan Dr. Şapur Ənsəri öz qardaşı nəvələrinə ailənin Fidan yaxud Elin adı verə bilmədiyini, və bu haqda rəsmi dövlət qərarının surətini nümayiş etdirdi. Dr. Ənsəri kütləvi farslaşdırma siyasətinin vaxt ötdükcə İran Azərbaycanına dağıdıcı təsirlərini sadaladı və bir çox azərilərin milli qürur hissindən məhrum edildiyini vurğuladı.

Aprelin 11-də Vaşinqtonda qərargahlanan Orta Asiya və Qafqaz İnstitutunda “İran Azəriləri: Onların Durumu, Statusu və Gələcək Perspektivləri” başlıqlı forum keçirildi. San Fransiskoda yaşayan ürək cərrahı Dr. Şapur Ənsəri və ABŞ Hərbi Akademiyasının zabit tələbəsi Hüseyn Pənahov İranda yaşayan Azərbaycan türklərinə qarşı ayrıseçkilik siyasəti və azərilərin milli-mədəni hüquqları uğrunda mübarizələrindən bəhs etdilər.

Mövzunu auditoriyaya təqdim edən Orta Asiya-Qafqaz İnstitutunun rəhbəri Frederik Starr Birləşmiş Ştatların intellektual dairələrində İran Azərbaycanı haqda çox az məlumatın olduğunu bildirdi. Bu mövzuda ilk belə tədbirin keçirildiyini qeyd edən cənab Starr ideyanın ona Bakıda Dr. Şapur Ənsəri ilə görüşdən sonra gəldiyini söylədi. İnstitutun rəhbəri İran Azərbaycanının keçmişi haqda qısa təqdimat verdi. 20-ci əsrə gəldikdə, o, bu mövzu haqda ətraflı məlumat almaq üçün sabiq Sovet məkanının ən görkəmli tarixçisi adlandırdığı Cəmil Həsənlinin “Soyuq Müharibənin Astanasında: İran Azərbaycanında Sovet-Amerika Böhranı, 1941-1946” kitabını oxumağı məsləhət gördü.

Dr. Şapur Ənsəri öz çıxışına uşaqlıq xatirələrindən, Səhənd dağı yamacındakı kənd həyatı haqda danışmaqla başladı. Görkəmli kardioloq 1945-46 cı illərdə Seyid Cəfər Pişəvəri hakimiyyəti dönəmində İran Azərbaycanında yaşanılan milli mədəni oyanış barədə, azəri-türkcəsində məktəblər, Təbrizin mərkəzi meydanında Azərbaycan musiqisindən ibarət konsert haqda xatirələrini paylaşdı. Dr. Ənsəri şah qoşunlarının Azərbaycanı işğal etməsindən bəri bir daha Təbrizdə açıq konsert təşkil olunmadığını, İran azərilərinin büsbütün milli-mədəni hüquqlardan məhrum edildiyini söylədi.

Həkim İranda müşahidə etdiyi insidentləri nəql edərək İranda azəri türklərinə qarşı təhqiramiz münasibətləri, ayrıseçkiliyi təsvir etdi. Azərbaycan türkcəsində bir məktəbin belə fəaliyyət göstərmədiyini vurğulayan Dr. Ənsəri uşaq yaşlarından azərilərə öz mədəniyyətlərindən, dillərindən utandırıldıqlarını, ali irq kimi qələmə verilən farslardan keyfiyyətcə aşağı millət olduqlarının aşılandığını bildirdi. Türk adlarına qoyulan qadağaya toxunan natiq öz qardaşı nəvələrinə ailənin Fidan yaxud Elin adı verə bilmədiyini, və bu haqda rəsmi dövlət qərarının surətini nümayiş etdirdi. Dr. Ənsəri kütləvi farslaşdırma siyasətinin vaxt ötdükcə İran Azərbaycanına dağıdıcı təsirlərini sadaladı və bir çox azərilərin milli qürur hissindən məhrum edildiyini vurğuladı.

Kardioloq İrana gələn xarici investisiyaların Azərbaycan bölgələrindən qəsdən yayındırıldığını önə çəkdi. Onun sözlərinə görə İran hökumətinin apardığı ayrıseçkilik siyasəti nəticəsində İran Azərbaycanı iqtisadi baxımdan bərbad hala düşmüş, insanların yoxsullaşması ilə nəticələnmişdir. Iran Azərbaycanına qarşı sərgilənən etinasızlığın təzahürü kimi Dr. Ənsəri Urmiyə gölünün qurumasını və İran parlamentinin bu məsələni müzakirə etməkdən boyun qaçırmasını diqqətə çatdırdı. “Necə olur ki, eyni ərazidə yerləşən Van və Sevan gölləri su tutumlarını saxladığı halda Urmiyə belə sürətlə quruyur?” deyə natiq sual etdi. O, baş verənləri azəri türklərinin ərazidən sıxışdırılmasına yönəlik siyasətin tərkib hissəsi kimi qiymətləndirdi.

Daha sonra West Point Quru Qüvvələri Akademiyasının zabit tələbəsi Hüseyn Pənahov məruzə ilə çıxış etdi. Natiq İran azərbaycanlılarının ağrılı keçmişinə və hazırda üzləşdiyi sınaqlara nəzər saldı. Hüseyn bəy 1828-ci ildə Türkmənçay müqaviləsinin imzalanmasından sonra iki yerə bölünmüş Azərbaycanlar arasındakı siyasi təkamül fərqlərinə diqqət çəkdi. Onun sözlərinə görə şimali Azərbaycanın Rusiya İmperiyası tərəfindən ilhaq edilməsi bu ərazidə yaşayan azəri türkləri üçün Avropaya bir pəncərə açdı. Burada yazılı dil, ədəbiyyat, incəsənət, musiqi və siyasi baxışlar sürətlə inkişaf etməyə başladı. Araz çayının cənubunda yaşayan azəri türkləri isə İran dövlətinin tərkibində bu imkanlardan məhrum edildilər. 1918-ci ildə şimali Azərbaycanda Şərqin ilk dünyəvi respublikası quruldu, dövlətçilik ənənələri formalaşmağa başladı. Güneydə isə Qacar sülaləsinin süqutundan sonra meydana çıxan şah rejimi və onun ardınca İslamçı hökumət azərilərin cəhalətdən çıxmasının qarşısını almaq üçün sistematik tədbirlər görməyə başladı. Bu səbəbdən də şimalla müqayisədə güneydə siyasi şüur xeyli ləng inkişaf etmiş oldu.

Hüseyn bəy hazırkı İranda azəri türklərinin milli-mədəni hüquqlarının kobud şəkildə pozulduğunu vurğuladı. O, qeyd etdi ki, İran hökuməti bir dənə də olsun azəri türkcəsində məktəbin açılmasına şərait yaratmayıb. Halbuki İslam Respublikasının Konstitusiyasının 15-ci maddəsində bütün milli azlıqların dil hüquqları təminat altına alınır. “İran hökuməti bu reallığı onunla izah edir ki, guya azərilər öz dillərində məktəbə getmək istəmirlər. Bu, absurddur!” deyə Hüseyn bəy qeyd etdi. Onun sözlərinə görə İranın hakim dairələrində çox sayda azərilərin təmsil olunması o demək deyil ki, azərilərə qarşı ayrıseçkilik hökm sürmür. Azərilər İran cəmiyyətində yüksəlmək üçün öz milli mənsubiyyətlərindən imtina etməli olurlar. Onlar cəmiyyətdəki varlıqlarını azəri kimi yox, iranlı yaxud əksər hallarda fars kimi təsdiq etmək məcburiyyəti qarşısında qalırlar.

Tədbirin ardınca keçirilən sual-cavab sessiyasında auditoriyada toplaşan güney azəriləri natiqlərə suallar ünvanladılar və öz fikirlərini paylaşdılar. Diskussiyada ABŞ-ın İran siyasətində azəri türklərinə kifayət qədər əhəmiyyət verməməsi, ümumilikdə İran hökumətinin şovinist siyasəti tənqid olundu. Frederik Starr auditoriya iştirakçılarından internetin milli-mədəni hüquqlar uğrunda mübarizəyə necə təsir göstərdiyini soruşdu. Arzu adlı gənc qadın son illərədək özünü iranlı hesab etdiyini, lakin onlayn sosial şəbəkələrlə təmas qurduqdan sonra milli mənsubiyyət hissinin gücləndiyini bildirdi. Arzunun sözlərinə görə İranın daxilində molla hakimiyyəti hər vəchlə azəri türklərinin milli-mədəni varlığını inkar etməyə çalışır və bu haqda informasiyaları sərt şəkildə məhdudlaşdırır. Lakin İrandan xaricə çıxan azərilər öz mədəniyyətləri haqda öyrənmək imkanı əldə edir və milli mənsubiyyətlərindən qürur duymağa başlayırlar.