Vaşinqtonda Qarabağ Fondu tərəfindən Azərbaycan mədəniyyəti gecəsi keçirilib

  • Amerikanın səsi

Vaşinqtonda Qarabağ Fondu tərəfindən Azərbaycan mədəniyyəti gecəsi keçirilib

Vaşinqtonda bu yaxınlarda yaradılmış ABŞ-ın mədəniyyət fondu olan Qarabağ Fondu Üzeyir Hacıbəyovun xatirəsinə həsr edilmiş Azərbaycan mədəniyyəti gecəsi keçirib. "Azərbaycanın böyük bəstərakı və mədəniyyət xadimi Üzeyir Hacıbəyovun irsinin təntənəsi" adı altında keçən tədbirin əsas məqsədi Amerika auditoriyasını Azərbaycan musiqisi və mədəniyyəti ilə tanış etmək olub.

Tədbirə toplaşanlara Üzeyir Hacıbəyovun Azərbaycan musiqi tarixi və Azərbaycan mədəniyyətinin inkişafında rolu barədə məlumat verilib, dahi bəstəkarın musiqisindən parçalar səsləndirilib.

Bununla yanaşı, fondun yaradılmasının əsas məqsədləri, qarşısında duran vəzifələr və gələcək planlar barədə tədbir iştirakçılarına məlumat verilib.

Qarabağ Fondunun icraçı direktoru Dayana Kohen Altman Amerikanın səsinə bildirib ki, yeni fəaliyyətə başlamış fond bu kimi daha bir neçə tədbir keçirməyi planlaşdırır. O deyib ki, fondun direktoru kimi onun qarşisında duran əsas vəzifə iki dost ölkə olan Azərbaycan və Birləsmiş Ştatlar arasında mədəni körpü yaratmaqdır.

Fondun əsas məqsədi Azərbaycan, onun Qarabağ bölgəsi və bütünlükdə Qafqazı amerikalılara tanıtmaq, Azərbaycan mədəniyyəti və musiqisini Amerikada tərənnüm və təbliğ etməkdən ibarətdir. Buna nail olmaq üçün Qarabağ Fondu müxtəlif sərgilər, kitabların nəşri, ictimai proqramlar, forumlar, mübadilə proqramlarının həyata keçirilməsini nəzərdə tutur.

Qarabağ Fondunun auditoriyası və tərəfdaşlarına ictimaiyyət üzləri, vətəndaş qrupları, tələbələr, alimlər, elmi müəssisələr, qeyri-hökumət təskilatları daxildir. Qarabağ Fondu Bakıda Xəzər universiteti tərəfindən dəstəklənir.