Vaşinqtonda Azərbaycanın 20 illik müstəqillik tarixi müzakirə edildi

Vaşinqtonda Azərbaycanın 20 illik müstəqillik tarixi müzakirə edildi

Sentyabr ayının 15-i Vaşinqton şəhərindəki Beynəlxalq və Strateji Araşdırmalar Mərkəzində “Cənubi Qafqazda 20 illik müstəqillik: Nailiyyətlər və Sınaqlar” mövzusunda geniş konfrans keçirilib.

Tədbirin aparıcısı Heritage Fondundan Ariel Kohen sözü konfrans müzakirəçilərinə verməmişdən əvvəl ABŞ Müdafiə Nazirliyinin Siyasət şöbəsinin Rusiya, Ukrayna və Avrasiya məsələləri üzrə baş direktoru Cennifer Volş Cənubi Qafqazın ABŞ üçün mühümlüyünün əsas səbəblərini açıqladı.

Regionun Rusiya və İran arasında yerləşən geo-politik vacibliyini dilə gətirən xanım Volş Cənubi Qafqaz ölkələrinin Əfqanıstanda təchizat baxımındanda mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. Onun sözlərinə görə, region, xüsusilə də Azərbaycan enerji dəhlizi kimi ABŞ-ın əsas tərəfdaşlarındandır. ABŞ rəsmisi həmçinin bildirdi ki, Avro-Atlantik məkanın genişləndirilməsi Amerikanın marağında olduğu üçün Gürcüstan, Azərbaycan və Ermənistanın bu məkana daxil olması da əsas maraqlar çərçivəsindədir.

Xanım Volş hər üç dövlətin həm Rusiya, həm ABŞ, həm Avropa, həm də Asiya ilə tərəfdaş olmaq şansının olduğunu nəzərə çatdırdı.

Regiondakı münaqişələrə də toxunan Cennifer Volş həm Dağlıq Qarabağ münaqişəsinin, həm də Cənubi Osetiya məsələsinin regionda inkişafın qarşısını alan faktorlardan biri olduğunu söylədi: “ABŞ regionda müdafiə institutlarının yaxşılaşdırılmasına çalışır, hər üç ölkəyə hərbi təlimlər keçir, məsləhətlər verir. Xəzər dənizi təhlükəsizliyi də vacib faktorlardandır. Heç bir ölkə bu ölkələrin Avropa Birliyinə və ya NATO-ya daxil olma istəklərinə qarşı çıxmamalıdır”.

Vaşinqtonda Azərbaycanın 20 illik müstəqillik tarixi müzakirə edildi

Qara dəniz-Xəzər Araşdırmaları Mərkəzinin direktoru Mamuka Tsereteli müstəqillik əldə edəndən sonra Gürcüstanın keçdiyi tarixə qısaca nəzər saldı. Amerikanın səsinə açıqlamasında cənab Tsereteli Cənubi Qafqaz regionunda iki inkişaf obyektinin olduğunu bildirdi: “Onlardan biri təhlükəsizlik, digəri isə demokratiyaya əsaslanan inkişafdır. Ölkədə müəssisələr demokratikləşməli, iqtidiyyat yaxşılaşmalıdır, azad iqtisadiyyat mövcud olmalıdır. Bu addımlar bütün regionun inkişafına xidmət edər”.

1991-ci ildən Azərbaycanın keçdiyi 20 illik tarixə nəzər salan Azərbaycan Araşdırmalar Mərkəzinin Milli Təhlükəsizlik Məsələləri üzrə tədqiqatçısı Rəşad Kərimov Amerikanın səsinə verdiyi açıqlamada bunları deyib:"Azərbaycanın həyata keçirdiyi bütün regional layihələr tək ölkəyə deyil, həm də bütün bölgəyə xeyir gətirir. Ancaq bu inkişafların daha davamlı olması üçün Dağlıq Qarabağ münaqişəsinin həlli vacibdir".

Ermənistanın sabiq diplomatı Roben Şouqaryan isə Ermənistanın SSRİ dağılandan sonrakı dövründən danışdı. O, 1991-ci ildən bəri Cənubi Qafqazın Rusiya ilə yanaşı, İran və Türkiyənin təsirinə məruz qaldığını dilə gətirdi. Sabiq diplomatın sözlərinə görə, Cənubi Qafqaza yeni yanaşma lazımdır və region yenidən balanslaşdırılmalıdır.

Beynəlxalq və Strateji Araşdırmalar Mərkəzində Rusiya və Avrasiya proqramının direktoru Endryu Kaçins 1993-cü ildə Bill Klinton administrasiyasının Rusiyaya yönəlik yaxşı siyasətinin olduğunu desə də, 2003-cü ildə Rusiyanın apardığı siyasətin anidən problematikləşməsi ilə münasibətlərin soyuduğunu bildirdi. Onun sözlərinə görə, ABŞ-la Rusiya arasında münasibətlərin yaxşı olması regiondakı ölkələrinin suverenliyinə də təminatdır.

ABŞ Strategiya və Siyasət Nazirliyindən polkovnik Con Çiki diqqəti fərqli məsələyə yönəltdi. O bildirdi ki, 2001-ci il 11 sentyabr hadisələrindən sonra regiona yönəlik siyasət drammatik şəkildə dəyişdi. Belə ki, o vaxta qədər yanaşma regional geo-siyasət baxışı ilə ölçülürdüsə, artıq qlobal olaraq təhlükəsizlik baxışı ilə ölçülür.

Dövlət Departamentinin Qafqaz Əlaqələri və Regional Münaqişələr İdarəsinin yeni təyin olunmuş direktoru Castin Fridman ABŞ-ın regionda əsas məqsədlərini belə sıraladı: “Regiondakı ölkələrin qonşuları ilə sülh içərisində yaşamasını və öz ölkələrinin siyasətlərini özlərinin müəyyən etməsini istəyirik. Habelə regionda iqtsadi inkişafları dəstəkləyir və demokratik islahatların aparılmasına çalışırıq. Regionun təhlükəsizliyi məsələsi də başlıca məqsədlərimizdəndir”.

Konfransdan sonra Amerikanın səsinə açıqlama verən Cons Hopkins Universitetinin professoru Svante Kornel bildirdi ki, ABŞ-ın Xəzər enerji ehtiyatlarına marağı həmişə strateji maraqlara əsaslanıb: “OPEK-dən kənar ölkələrin öz neft və qaz ehtiyatlarını hasil etmək və dünya bazarına çıxarmaq hüququ var. Neft və qaz bu ölkələrin ən böyük əmtəələridir. Ona görə onların öz neft və qaz məhsullarını istehsal edib öz boru xəttləri ilə müstəqil şəkildə ixrac etmələri bu ölkələrin müstəqil şəkildə ABŞ-la əməkdaşlıq etməsinə imkan yaradır”.

Konfransın sual-cavab hissəsində isə Dağlıq Qarabağa dair fikir mübadiləsi aparıldı.