Vaşinqton və Ankara qardaşlaşmış şəhərlər oldu

Vaşinqton və Ankara qardaşlaşmış şəhərlər oldu

ABŞ paytaxtı Vaşinqton və Türkiyə paytaxtı Ankara qardaş şəhər elan edilib. Vaşinqtonun meri Vinsent Qrey və Ankara şəhərinin meri Melih Gökçek ABŞ və Türkiyə paytaxtları arasında Qardaşlaşmış Şəhərlər Münasibətlərinin təsis edilməsinə dair protokola imza atıblar.

Qardaşlaşmış şəhərlər arasında razılaşmaya əsasən, şəhərlərarası əlaqələrin inkişaf etdirilməsi, əməkdaşlığın artırılması və mədəni anlaşmanın genişləndirilməsi nəzərdə tutulur

Vaşinqton şəhər bələdiyyəsində keçirilən mərasimdə danışan Ankara bələdiyyə başçısı Melih Gökçek razılaşmanı tarixi adlandıraraq, onun sözlərilə, dünyanın siyasi, iqtisadi, mədəni və elmi cəhətdən inkişaf etmiş ən qabaqcıl ölkələrindən biri olan ABŞ paytaxtı Vaşinqtonla protokolun imzalanmasını böyük məmnunluq hissi ilə qarşıladığını deyib.

Vaşinqton meri Vincent Gray Ankaradan gələn heyəti türk dilində “Mərhaba” deyərək salamlayıb və iki ölkənin paytaxt şəhərləri arasında çox yaxın və çox xüsusi münasibətlərin yaradılmasında ilk addımın atıldığını bildirib.

ABŞ paytaxtı Vaşinqtonla qardaşlaşmış digər paytaxt şəhərləri Brüssel, Seul, Pekin və Bangkokdur. Türkiyə və ABŞ şəhərləri arasında isə artıq 11 dəfə qardaşlaşmış şəhərlərə dair protokol imzalanıb. Türkiyədə Antalya Amerikanın Ostin, Bursa və Baffalo, İstanbul və Hyuston, İzmir və Tampa qardaşlaşmış şəhərlərdir.