Vahid Əhmədov: Əmanətçilərin 70 faizə qədərinin 2500-3000 rubl pulu batıb (Audio)

Əmanətlərin qaytarılması üçün 1 milyard manata yaxın vəsait tələb olunur.

Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Bankının Azərbaycan vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi barədə prezident İlham Əliyevin imzaladığı fərmanın yerinə yetirilməsi üçün hazırlıq işləri aparılır.

Maliyyə nazirliyinin rəsmi saytının məlumatına görə, fərman 2 milyon 400 min şəxsi əmanət hesablarının sahibləri olan əmanətçiləri əhatə edir. Əmanətlərin qaytarılması üçün 1 milyard manata yaxın vəsait tələb olunur.

Milli Məclisin iqtisadi siyasət daimi komitəsinin üzvü Vahid Əhmədov Amerikanın Səsi radiosuna müsahibəsində əmanətlərin qaytarılmasını müsbət addım hesab edir. Keçmiş SSRİ-yə daxil olan ölkələrin demək olar ki, hamısında əmanətlər qaytarılıb. “Bu ölkələrin bir çoxunda batmış əmanətlər 10-un bir misli ilə hesablanıb. Azərbaycanda da orta hesabla 10-un birə nisbətində əmanətlər qaytarılacaq. Amma, batmış əmanətlərin miqdarı çox olan əmanətçilərə faiz 10-un bir nisbətindən daha çox götürülür”.

Onun sözlərinə görə, əmanətçilərin təxminən 70 faizə qədərinin keçmiş əmanət bankında 2500-3000 rubl pulu batıb. “Bunun müqabilində hökumət təxminən 400 manat qaytaracaq”.

Əmanətlərin qaytarılması prosesi iyun ayından başlanacaq və sənədlər 6 ay müddətində təqdim edilməlidir. Deputat sənədlərlə bağlı çoxsaylı problemlərin olacağını diqqətə çatdırıb. “Bir milyonadək insan qaçqın və məcburi köçkündür. Bu insanların sənədlərində çoxsaylı problemlər mümkündür. Çoxsaylı insan ölkəni tərk edib, dünyasını dəyişib, sənədləri itirib və ya yararsız hala düşüb”.

Cənab Əhmədovun fikrincə, əmanətçilərin alacağı bir milyard manat vəsaitin inflyasiya yaratmaq riski də var.