BMT bazar ertəsi Suriyada kimyəvi silahların işlədilməsinə dair geniş hesabat açıqlayıb. Burada göstərilir ki, zəhərli sarin qazı raketlər vasitəsilə atılıb. Raketlərdə kiril əlifbası yazıların olduğu haqda məlumatlar var və Xarici işlər naziri Lavrov buna əhəmiyyət verməyərək, başqa ölkələrdə sovet silahlarının kopiya edildiyini deyib. Sovet İttifaqı Suriyanın kimyəvi silah proqramının baş sponsoru idi. Rusiya Suriya münasibətlərini Xəzər Araşdırmalar Mərkəzinin prezidenti, Yaxın Şərq regionu üzrə ekspert Vəfa Quluzadə müzakirə etmişik.
Dilşad Əliyarlı: Rusiyanın Suriya müdafiəçisi kimi çıxış etməsinin səbəbi bununla əlaqədardırmı? Vəfa bəy, Rusiya Suriya ənənəvi əməkdaşlığı haradan başlayır?
Your browser doesn’t support HTML5
Vəfa Quluzadə ilə müsahibə
Rusiya-Suriya əməkdaşlığına ənənəvi əməkdaşlıq demək olmaz. Bu, Sovet İttifaqının Qərbin əleyhinə mübarizə ənənəsidir.
Dilşad Əliyarlı: Vəfa bəy, Rusiya Suriya prezidenti Bəşar Əl-Əsədi müdafiə etməsinin başlıca səbəbi kimi ona ölkə daxilində güclü dəstəyin olması, çox sayda insanın onu dəstəkləməsi ilə izah edir. Bəşar Əl-Əsədi dəstəkləyənlər kimlərdir və bu dəstək Rusiyanın göstərdiyi səviyyədədirmi?
İraq məsəsində də, Liviya məsələsində də meydanda İran və Rusiya yox idi. Hizbullah da yox idi. Amma indi üç güc Amerikanın orada güc siyasətinə dirəniş göstərəcək.
Vəfa Quluzadə: Mən hesab edirəm ki, Bəşar Əsəd rejiminə dəstək Rusiyanın dediyi kimi dəstək yoxdur, ona görə ki bu ərəb ölkəsində ələvilər azlıq təşkil edir. Ələvilər şiədir, amma Suriyanın bütün əhalisi sünnidir. Bu azlıq təşkil edən qəbilə çoxluq təşkil edən əhaliyə diktatura rejimi sırıyıb. Dəfələrlə Bəşar Əsədin və onun atası Hafiz Əsədin əleyhinə üsyanlar olub. Hafiz Əsəd bu üsyanları qəddarlıqla yatırıb. Böyük qanlar tökülüb. Ən axırıncı üsyan zamanı əhali ordudan, artilleriyadan, təyyarələrdən qorxub çəkinərək, Hələbdə mağaralarda gizlənmişdi. Ondan Hafiz Əsəd mağaraların qarşına artilleriyanı gətirdi və yaylım atəşləri ilə orada gizlənən təxminən 30 min adamın hamısını bir dəfəyə qırdı. Yəni bu belə bir qanlı rejimdir. Demək istəyirəm ki, Stalin rejimi qədər qəddar bir rejimdir. Əhali onlardan qorxur. Mən Suriyada olanda əhali mənə deyirdi ki, “biz bərkdən danışmağa qorxuruq, müzakirə etməyə qorxuruq, divarların da qulağı var”. Mənim Stalin dövrü yadıma düşdü. Biz də qorxurduq danışmağa, bizə də deyirdilər ki, “divarların da qulağı var.” Əsədin rejimi budur. Ona dəstək yoxdur. Əhalinin bir hissəsi, əsasən Dəməşqdə yaşayan hissəsi rejimdən qorxur. Üstəlik də rejimin ətrafında olan o qəbilə, bəli onlar Bəşar Əsəd sadiq ola bilərlər. Amma Suriyanın bütün əhalisi haqda danışmaq düzgün deyil. Bir şeyi də demək istəyirəm ki, Əsəd orada xalqı özbaşına qırmır, ona orada Hizbullah kömək edir, Şeyx Nəsrulla açıq-aşkar bəyan etmişdi ki, Hizbullah orada döyüşür. İrandan ora dəstək gəlir, həm əsgəri, həm də döyüşçülər gəlir. Üstəlik Rusiyanın orada əsgəri müşavirləri oturub. Əsgəri müşavirlər Bəşar Əsədə şəhərlərdə partizan müharibəsini yatırmaq qaydalarını öyrədir. Çünki Rusiya Əfqanıstanda belə müharibə aparıb, bilir bu nədir, Çeçenistanda belə müharibə aparıb və aparır. Dağıstanda, Çeçenistanda, İnquşetiyada bu müharibə dayanmır, bu terror müharibəsi gedir. Ona görə də Bəşar Əsədin görün neçə yerdən dəstəyi var, bu barədə isə heç kəs danışmır. Görünür, diplomatik qaydalara görə Rusiyanın xətrinə dəymək istəmirlər və həqiqətləri demək istəmirlər.
Dilşad Əliyarlı: ABŞ-ın Suriyaya mümkün hücumunun əsas məqsədlərindən birinin İranın zəiflədilməsi olduğu ilə bağlı fikir mövcuddur. Hazırda Suriya probleminin diplomatik həlli yollarının axtarılması İran üçün nə deməkdir?
Vəfa Quluzadə: Sözsüz ki İran vaxt qazanır, nüvə proqramını inkişaf etdirir. Bütün bu müddət, görün neçə ildir Qərbin, NATO-nun, ya da Amerikanın İrana zərbə vurması söhbəti gedir, amma bu, baş tutmur. İndi İran tam rahatdır ki, Amerika Birləşmiş Ştatları bunu etməyəcək. Onlar bundan istifadə edirlər. Diplomatik yollarla vaxt udurlar, Obama da bu oyuna gedir. Obama İranla nüvə proqramına dair danışıqları aparmaq haqda razılığa gəlmək istəyir. Suriyanın aradan çıxması İranın mövqelərinə böyük zərbə olardı. Burada silsilə var. Bu silsilə böyük bir ərazini əhatə edir- İran, Suriya, Livan. Livanın cənubunda Huzbullah demək olar Livana tam nəzarət edir. Yaxın Şərqdə vəziyyət olduqca gərgindir. Mən Obamanı başa düşürəm. Amerika neçə müharibədən çıxıb, görünür, Amerikanın prezidenti yeni müharibə aparmaqdan çəkinir və məsələni diplomatik yollarla həll etmək istəyir. Amma diplomatik yollarla bu məsələni həll etmək mümkün olacaqmı? Həqiqədən də bu, çox təhlükəli məsələdir. Çünki İraq məsəsində də, Liviya məsələsində də meydanda İran və Rusiya yox idi. Hizbullah da yox idi. Amma indi üç güc Amerikanın orada güc siyasətinə dirəniş göstərəcək. Birincisi diplomatik yollar dirəniş göstəriblər, iki dəfə Təhlükəsizlik Şurasının qərarlarına veto qoyublar. İndi də veto qoyacaqlar əgər Təhlükəsizlik Şurası bir addım atsa. Əgər Amerika Suriyaya zərbə vursa, Bəşar Əsədə yardımlar gedəcək, üç tərəfdən, həm Rusiyadan, həm Hizbullahdan, həm də İrandan. Mən Obamanı başa düşürəm. Qərar sahibi oldur, baxsın vəziyyətə. Əgər vəziyyət uzansa, İran da güclənəcək, Suriya da güclənəcək, Hizbullah da güclənəcək. Hizbullah çox güclüdür. İsraillə münaqişə göstərdi ki, Hizbullah nə qədər güclüdür. İsrailə o vaxt güclü dirəniş göstərdi. Vəziyyət olduqca gərgindir. Regiondan müharibə qoxusu gəlir. Ona görə də Obama məsələni diplomatik yolla həll etmək istəyir. Əgər mümkündürsə, bu, çox gözəl olardı, amma mənə elə gəlir ki, bu, mümkün olmayacaq.
Dilşad Əliyarlı: Suriya probleminin əks-sədası Yaxın Şərqə yaxın regionları üçün nə deməkdir. Buna münasibətinizi bilmək maraqlı olardı.
Məsələ yalnız Bəşar Əsədin kimyəvi silah işlədib-işlətməməsində deyil. Məsələ bu dəqiqə bu regionda Rusiyanın və İranın mövqelərini möhkəmlətməsindədir.