Nyu-York şəhərindəki Radio City Music Hall-da keçirilən America's Got Talent yarışmasının dünənki şousundan sonra bu gün növbəti mərhələyə adlayan iştirakçıların adları bəlli olub. Amerikalıların verdikləri səslə müəyyən edilən nəticələrə görə, azərbaycanlı Çarli Çaplin kimi tanınan Üzeyir Novruzov da növbəti mərhələyə adlayaraq yarımfinalda iştirak etmək imkanı əldə edib.
Növbəti mərhələdə nərdivandan istifadə etməyəcəm. Lakin bu, əvvəlki çıxışlarımdan geri qalmayacaq.Üzeyir Novruzov
Amerikanın Səsinə müsahibəsində Üzeyir Novruzov növbəti mərhələdə artıq nərdivandan istifadə etməyəcəyini bildirib. Onun sözlərinə görə, lakin növbəti çıxış əvvəlkilərdən geri qalmayacaq. Üzeyir Novruzovla müsahibəsini qarşıdakı günlərdə Amerikanın Səsinin veb saytında izləyə bilərsiniz.
Növbəti mərhələdə 21 iştirakçı yarışacaq. Onlar arasında Üzeyirlə yanaşı bir neçə mahnı ifaçısı, sehrbaz, rəqqas və komediyaçı var.
Xatırladaq ki, Üzeyir dünənki şouda göstərdiyi təhlükəli nömrə ilə amerikalıları yenidən ayağa qaldırmışdı. O, heç bir təhlükəsizlik tədbiri görülmədən 18 fut (5,5 metr) hündürlükdə olan nərdivanın ən yuxarı pilləsində ayaq üstə dayanaraq izləyicilərə həyacan dolu anlar yaşadıb.
Bu nömrəni daha da həyacanlı edən şounun canlı yayımlanması olub. Radio City Music Hall-da şounu canlı izləyən əməkdaşımız Emil Quliyevin verdiyi məlumata görə, həm münsiflər heyəti, həm də auditoriya Üzeyir Novruzovu ayaq üstə alqışlayıb. Çıxışa münasibət bildirən münsiflər heyətindən Hovard Stern Üzeyirin çıxışını izlərkən özünü Olimpiya Oyunda hiss etdiyini və dünyanın ən güclü atletlərindən birini izlədiyini düşündüyünü bildirib. O, daha sonra televiziya tamaşaçılarını Üzeyirə səs verməyə çağırıb.
Nəzərinizə çatdıraq ki, artıq şounun bu mərhələsində növbəti şouya vəsiqə qazanacaq iştirakçıları münsiflər heyəti deyil, amerikalılar verdiyi səslər müəyyən edir.
Üzeyirə növbəti mərhələdə uğurlar arzulayırıq.