Uyğur terrorçularla Əl-Qaidə arasında əlaqə varmı? (VİDEO)

Uyğur terrorçularla Əl-Qaidə arasında əlaqə varmı? (VİDEO)

Çin hökuməti terrorizm əleyhinə mübarizəni əlində bayraq edərək onsuz da basqılara məruz qalan azlıqlara qarşı daha sərt təzyiq göstərir

Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Yianq Yunun sözlərinə görə, Çin də terrorizm qurbanları arasındadır: “Terrorizm beynəlxalq təhlükəsizliyin ictimai düşmənidir. Çin həmişə terrorizmin əleyhinə olub və aktiv şəkildə terrorizm əleyhinə beynəlxalq mübarizədə iştirak edir”.

Çin Əl-Qaidə kimi beynəlxalq terror qruplaşmalarının xüsusi hədəfi olmasa da, Yianq Sincan vilayətində kiçikmiqyaslı terror aksiyaları həyata keçirən müsəlman uyğurlara işarə edib. Bu ayın əvvəli Çin qüvvələri Qırğızıstan və Tacikistan qüvvələrinin müşayiəti ilə Sincanda terrorizm əleyhinə reydlər keçirib. Bu reydlərə separatçı döyüşçülərin axtarışı da daxil olub.

Çinlilərin əksəriyyəti beynəlxalq terroristlərlə separatçılar arasında fərqin böyük olduğunu düşünmür. Bu separatçılara xüsusilə Çinin Tibet və Şərqi Türküstan adı ilə tanınan Sincan kimi azlıqlar yaşayan regionlarındakı fəallar daxildir.

Pekin sakini Vu Sonqqanq onlardan biridir: “Əl-Qaidənin Şərqi Türküstan, Sincan və Tibetdəki terrorçu qruplarla əlaqəsi var. Bu isə ölkənin sərhəd təhlükəsizliyi və suverenliyinə böyük hədədir”.

Uyğur elmi-tədqiqatçı İlham Tohti isə deyir ki, əsl problem də elə budur. Onun sözlərinə görə, Çin hökuməti terrorizm əleyhinə mübarizəni əlində bayraq edərək onsuz da basqılara məruz qalan azlıqlara qarşı daha sərt təzyiq göstərir. Tədqiqatçı Sincandakı uyğur fəallarla Əl-Qaidə kimi beynəlxalq terrorçu təşkilatları arasında heç bir əlaqə yoxdur: “Üsama bin Ladenlə uyğurları bir-biri ilə əlaqələndirənlərin ağlı varsa, səslərini kəssinlər”.

Tohti Çin mediasını bin Ladenin ölümünü uyğur məsələsi ilə bağlayaraq ölkədə daha çox anti-uyğur əhval-ruhiyyəsi yaratmaqda ittiham edir. O etiraf edir ki, bəzi uyğurlar ifrat düşüncələrə və metodlara malikdir. Ancaq onun fikrincə, uyğurların çoxu onlara ədalətsiz münasibət göstərildiyini düşünür.