USAİD Azərbaycanda tibbi təlim mərkəzləri açır

Bu gün USAİD-in missiya direktoru Cey Sinqx Unicef Azerbaijan və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə birgə PROACT Təlim Proqramı çərçivəsində Sumqayıt şəhərində (Bakıdan 36 kilometr şimal) tibbi təlim mərkəzinin açılışında iştirak edib.

USAİD-in məlumatına görə, Amerika Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşən, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin texniki dəstəyi ilə UNICEF, TƏBİB və Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən icra edilən proqram yerli səhiyyə işçilərinin infeksiyaların profilaktikası və onlara nəzarət, testləşdirmə, təmas qrupların epidemioloji izlənilməsi və COVID-19 infeksiyasına nəzarətin digər aspektləri sahəsində biliklərini gücləndirir.

USAİD bildirir ki, növbəti dörd ay ərzində daha 12 rayonda bu cür tibbi təlim mərkəzləri təşkil olunacaq.

Mənim qəhrəmanım sənsən: COVID-19-a qarşı mübarizə aparan uşaqlar" kitabı

USAİD-in digər məlumatında isə deyilir ki, bu qurum ÜST-ün və UNICEF-in Azərbaycandakı nümayəndəlikləri ilə birgə Azərbaycan dilinə tərcümə edilmiş “Mənim qəhrəmanım sənsən: COVID-19-a qarşı mübarizə aparan uşaqlar" kitabının çapına kömək edib.

Kitab Dağlıq Qarabağda ötən payız baş vermiş münaqişənin təsirinə məruz qalan 400-ə yaxın ailəyə və digər həssas qruplardan olan 80 uşağa təqdim edilib. Kitab əsasən 6-11 yaşlı uşaqlar üçün nəzərdə tutulub və uşaqlara koronavirusdan qorunmanın yollarını və çətin emosiyaların necə idarə olunmasını izah edir.