Amerika səfirliyi qrantla bağlı yazılara cavab verib

USAİD-nin veb səhifəsində qrant elanı

USAİD-in “Azərbaycan mətbuatına dəstək fəaliyyəti” qrant layihəsi şəffaf olub

ABŞ-ın Azərbaycandakı səfirliyi yerli mediada Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAİD)" Azərbaycan mediasına dəstək fəaliyyəti" qrant proqramının elanlarının vaxtında media orqanlarına çatdırılmaması və şəffaf şəraitdə elan edilməməsi ilə bağlı çap olunan yazılara münasibət bildirib.

Yerli KİV-in məlumatlarında deyilir ki, USAİD-i Azərbaycanda müstəqil medianın inkişafı üçün 2,4 milyon ABŞ dolları məbləğində qrant proqramı elan edib. Bununla yanaşı elanın vaxtının müddəti çox qısa olub.

ABŞ səfirliyinin açıqlamasında deyilir:

“Bu bəyanatın məqsədi son zaman ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) qrant proqramı ilə bağlı mətbuatda müşahidə olunan yanlış hesabatlara və anlaşılmazlıqlara aydınlıq gətirməkdir. Təkliflərlə müraciət prosesində habelə təkliflərin toplanmasında heç bir qeyri-nizamlılıq və ya uyğunsuzluq yer almamışdır. Dünyada qəbul olunmuş bütün standart prosedurlara riayət olunmuş və sözügedən proses tam ədalətli və şəffaf olmuşdur. Azərbaycan Mətbuatına Dəstək Fəaliyyəti proqramı barədə ictimaiyyətə 2014-cü ilin may ayının 21-də məlumat verilmişdir. Standart prosedura uyğun olaraq qrant barədə məlumat www.grants.gov saytında və USAİD-in Azərbaycandakı facebook səhifəsində elan olunmuşdur.

Həmçinin iyunun 10-da proqram barədə məlumat USAİD-in Azərbaycandaki veb səhifəsində də yerləşdirilmişdir. Təkliflərin qəbulu vaxtı 2014-cü ilin mayın 21-dən iyulun 7-ə kimi idi”, sənəddə qeyd edilir.

Xatırladaq ki, qrant proqramı üzrə heç bir media qalib elan edilməyib.