USAİD İmişli rayonunda yem emalı məntəqəsi inşa edib

Yem emalı məntəqəsi

Mayın 2-də Azərbaycan və ABŞ-ın birgə səyləri nəticəsində İmişli rayonunun Cəfərli kənd (Bakıdan 258 kilometr cənub-qərb) sakinləri icmada yem emalı məntəqəsinin tikintisinin başa çatmasını qeyd edib.

Tədbirdə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), İqtisadiyyat nazirliyi, yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələri iştirak edib.

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan ofisinin mətbuat üçün məlumatında deyilir ki, bu layihə USAID və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşdirilib və Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı proqram çərçivəsində Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunub.

“ABŞ Azərbaycanla tərəfdaşlıq etməyə sadiqdir. Birgə işləyərək biz sabitliyə, demokratik tərəqqiyə və iqtisadi firavanlığa nail ola bilərik”, USAID-in layihələr şöbəsinin əməkdaşı Rayn Rassel qeyd edib.

“ABŞ Beynəlxalq İnkişaf Agentliyinin əsas məqsədi öz problemlərinin həlli yollarını tapmaq üçün Azərbaycan vətəndaşlarını bir araya gətirməkdir. Cəfərli sakinləri bunu edə bildikləri üçün özləri ilə fəxr etməlidir. Məhz onların səyləri nəticəsində biz bu gün bu yeni yem emalı məntəqəsinin açılışında iştirak edirik”, Rayn Rassel bildirib.

Layihədən Cəfərli kəndinin 754 ailə faydalana biləcək.

Ümumilikdə, EWMI/SEDA layihəsi Azərbaycanın 81 icmasında 131,000-dən çox insanın faydalana biləcəyi 92 icma layihəsi həyata keçirib.