USAID-in direktoru: Bəxtiyar Hacıyev həbsdən azad edilməlidir

Bəxtiyar Hacıyev

Fevralın 24-də Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Bəxtiyar Hacıyevə dəstəyini ifadə edib və onu azad etməyə çağırıb.

"Azərbaycanlı demokratik fəal Bəxtiyar Hacıyev dekabr ayından siyasi motivli ittihamlarla həbsdədir", ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer Twitter hesabında yazıb.

"Hacıyev aclıq edib və onun səhhəti sürətlə pisləşir. O azad edilməlidir ", Pauer qeyd edib.

Samanta Pauerin Tvitter hesabı

Hacıyev dekabrın 9-da "xuliqanlıq" və "məhkəməyə hörmətsizlik" ittihamı ilə həbs edilib. O, ittihamları kəsinliklə rədd edir və 47 gündür aclıq edir.

Harvard Universitetinin Kennedi adına Dövlət İdarəetmə Məktəbinin məzunu olan insan hüquqları fəalı Hacıyev son illərdə artıq ikinci dəfədir həbs olunub. 2010-cu ildə parlament deputatlığına namizəd olub. Bir il sonra, 2011-ci ilin martında hərbi xidmətdən yayındığına görə iki il həbs cəzasına məhkum edilib, lakin Amerikanın o vaxtkı dövlət katibi Hillari Klintonun Bakıya səfəri ərəfəsində doqquz ay öncə azad edilib.