Federal Təhqiqatlar Bürosu kredit kartlarla əlaqədar cinayətin üstünü açıb

ABŞ-ın Federal Təhqiqatlar Bürosu internetdə saxta adla kredit kartlardan istifadə ilə əlaqədar cinayətin üstünü açıb.

Saxtakarlıqda şübhəli bilinən 24 nəfər həbs edilib. Onlardan 11-i Birləşmiş Ştatlarda, digər 13 nəfər isə Britaniya, Bosniya-Herseqovina, Bolqarıstan, Almaniya, İtaliya, Yaponiya və Norveçdə həbs olunub.

Federal Təhqiqatlar Bürosu şübhəli bilinən şəxslərin qlobal cinayət təşkilatını idarə etdiklərini bildirib.

Cinayətkarlar əmtəə və xidmət növləri almaq üçün minlərlə kredit kartı və bank hesab nömrələrini oğurlamaq və dəyişməklə məşğul idi.

Büronun Nyu-York ofisi bu növ cinayətlə əlaqədar tarixdə ən böyük əməliyyatın iki il davam etdiyini bildirib.