San Bernardino hadisəsi ilə əlaqədar yeni məlumatlar açıqlanıb

Federal Təhqiqatlar Bürosu ötən həftə Kaliforniya ştatının San Bernardino şəhərində 14 nəfəri öldürən və 21 nəfəri yaralayan şəxslər haqda yeni məlumat açıqlayıb.

Büronun Los Anceles ofisinin direktor müavini Deyvid Bovdiç ABŞ-da doğulmuş Seyid Rizvan Faruk və onun pakistanlı həyat yoldaşı Taşvin Məlikin bir-biri ilə görüşdüyü zaman deyil, internet vasitəsi ilə radikallaşdırıldığının ehtimal edildiyini deyib. O bildirib ki, hazırda cütlüyün törətdiyi terrorun xaricdə hazırlanmış geniş terror planının bir hissəsi olduğuna dair dəlil yoxdur.

Federal rəsmilər bildirib ki, Məlik Facebook hesabında İŞİD-in yaraqlı liderinə sədaqət andı verib. Faruk isə terror qrupları ilə bağlı olan şəxslərlə əlaqədə olub.

Bovdiç cütlüyün silahdan atəş açmaq üçün bir neçə dəfə məşq etdiyini, sonuncu dəfə isə onların silahla təcrübə keçmək üçün silahdan istifadə mərkəzinə yerli hökumət işçilərinin toplaşmasında törətdikləri qətliamdan bir neçə gün əvvəl getdiyini bildirib.

Məlik və Faruk cinayəti törətdikdən sonra hadisə yerindən qaçmış, lakin sonra polis onların idarə etdiyi avtomobili mühasirəyə alaraq onları öldürmüşdür.

Bazar günü Oval ofisdə televiziya vasitəsi ilə nadir hallarda etdiyi müraciətində ABŞ prezidenti Barak Obama hücumu müzakirə edib və amerikalılara ABŞ-ın terrora qarşı mübarizə strategiyasını izah edib.