ABŞ və İran gizli danışıqlar apardıqlarına dair xəbərləri təkzib edib

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian

Birləşmiş Ştatlar və İran bu ayın əvvəlində İranın milyardlarla dollarlıq vəsaitinin donunun açılması da olmaqla, məhbus mübadiləsi razılaşmasından sonra tərəflərin gizli danışıqlar apardığına dair xəbərləri təkzib edib.

ABŞ rəsmisinin çərşənbə günü Amerikanın Səsinə bildirdiyinə görə, Ağ Evin Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqreqin də iştirakı ilə olmaqla, birbaşa və ya dolayı danışıqlar planlaşdırılmayıb. Rəsmi milli təhlükəsizlik məsələlərini müzakirə etdiyi üçün adının açıqlanmasını istəməyib.

İranın Xarici İşlər Nazirliyi çərşənbə axşamı Britaniyada yerləşən bir media orqanının Tehran rəsmilərinin İranın uranın zənginləşdirmə proqramını azaltması müqabilində sanksiyaları yumşaltmaq üçün Vaşinqtonla birbaşa danışıqlara getməyə icazə verdiyi barədə xəbərini təkzib edib.

İran dövlət mediasının yazdığına görə, nazirlik “Siyasi atmosfer yaratmaq üçün sensasiyalar və media oyunlarından istifadə edilən bu kimi xəbərlər etibarlı deyil” deyib.

Bununla belə, Vaşinqton qapılarını danışıqlara açıq qoyur.

Amerikanın Səsinin ABŞ-ın İranla birbaşa danışıqlara hazır olub-olmadığı ilə bağlı sualına cavabında Dövlət Departamentinin sözçüsü Metyu Miller "Biz həmişə demişik ki, biz İranla diplomatiyaya açığıq. Mən bu cür danışıqların necə olub-olmayacağına toxunmaq istəmirəm, lakin biz diplomatiyanın İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün ən yaxşı yol olduğuna inanırıq" deyib.

Miller əlavə edib ki, ABŞ danışıqlardan əvvəl Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq da daxil olmaqla, İranın gərginliyi azaldacaq bir sıra addımlar atmasını istəyir.

Bu ayın əvvəlində ABŞ və İran rəsmiləri ABŞ sanksiyalarını pozmaqda ittiham olunan beş iranlının müqabilində İranda həbsdə olan beş amerikalının azadlığa buraxılması və İranın neft gəlirlərinin 6 milyard dollarının donunun açılması ilə bağlı saziş imzalamaqla, böyük diplomatik addım atıb.