ABŞ rəsmiləri: ABŞ Ukraynaya "Patriot" müdafiə sistemi göndərməyə hazırlaşır

ABŞ-ın müdafiə və başqa bir rəsmisinin çərşənbə axşamı Amerikanın Səsinə bildirdiyinə görə, Birləşmiş Ştatlar Rusiyadan gələn raketləri vurmaq üçün Ukraynaya raketdən müdafiə "Patriot" sistemi göndərməyə hazırlaşır və bu qərar bu həftə elan oluna bilər.

Qərar hələ rəsmi elan edilmədiyi üçün rəsmilər kimliklərinin açıqlanmaması şərti ilə danışıb. Qərar barədə ilk olaraq CNN məlumat yayıb.

Ukrayna Rusiyanın temperaturun mənfi dərəcədə olduğu bir vaxt əhalini isti saxlamaq üçün lazım olan elektrik enerjisi obyektlərini öz raket arsenalı və İrandan əldə etdiyi pilotsuz təyyarələrlə hədəf aldığı üçün Qərb tərəfdaşlarından ABŞ istehsalı "Patriot" sistemi də daxil olmaqla, hava hücumundan müdafiə sistemləri istəyib.

Pentaqonun mətbuat katibi, Hərbi Hava Qüvvələrinin briqadası generalı Pat Rayder "Patriot" batareyasının ötürülməsi ilə bağlı şərh verməkdən imtina edərək, "hazırda açıqlayacağı heç bir şey olmadığını" deyib.

"Biz Ukraynanın əhalisini qorumaq və bu hücumlardan sağ çıxa bilmələri üçün daha geniş infrastrukturunu ən yaxşı şəkildə qoruya biləcəyimiz yolları axtarmaqda davam edəcəyik" - deyə, Rayder bildirib.

ABŞ daşınması kifayət qədər yüngül olan yerdən havaya raket sistemi "Stingers"dən tutmuş raketlərə qarşı hava hücumundan müdafiəni təmin edə bilən daha böyük NASAMS zenit sistemlərinə qədər, hava hücumundan müdafiə silahları da daxil olmaqla. Ukraynaya milyardlarla dollarlıq hərbi dəstək verib.

Lakin çərşənbə axşamı Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat jurnalistlərə Ukraynanın "arsenalında olan hava hücumundan müdafiə vasitələri ilə ballistik [raketləri] vura bilmir" deyib.

"Ona görə də bu raketlərin məhv edilməsinin ən effektiv üsulu onların olduğu yerdə buraxılış zamanı vurmaqdır" - deyə, o əlavə edib.