ABŞ-ın müdafiə naziri Lloyd Ostinin brifinqdə bildirdiyinə görə, ABŞ Ukraynaya daha dörd yaylım atəşli HIMARS reaktiv sistemi verib.
"Biz Ukrayna Silahlı Qüvvələrinin cəsur kişi və qadınlarına uzunmüddətli dəstək vermək üçün innovativ yollar axtarmağa davam edəcəyik və yardımımızı elə seçəcəyik ki, Ukrayna özünümüdafiə üçün texnologiya, sursat və atəş gücünə malik olsun" Reuters xəbər agentliyi Pentaqonun rəhbərinə istinadən bildirib.
ABŞ-ın Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi keçən gün bildirib ki, Co Bayden administrasiyası bu həftə Ukraynaya silah və texnikanın təhvil veriləcəyini elan edəcək. Bu, 16-cı yardım paketi olacaq.
"Paketə daha çox HIMARS sistemləri daxil olacaq. Ukraynalılar bu silahdan döyüş meydanındakı vəziyyəti dəyişməsi üçün çox səmərəli istifadə edir" - deyə, Kirbi bildirib.
RSZO HIMARS sisteminin fəaliyyət radiusu 80 km-ə qədər olsa da, müəyyən modifikasiyada və müvafiq döyüş sursatından istifadə şərti ilə 300-500 km-ə çata bilər.
İlk dörd HIMARS sistemi Ukraynaya iyunun 23-də çatıb. ABŞ Prezidenti Co Bayden iyulun 8-də Ukraynaya daha 400 milyon dollar dəyərində yeni yardım paketi imzalayıb.
Kyivin dediyinə görə, onlarla kilometr məsafəni qət etmə qabiliyyətinə malik sistemlər olmadan Ukrayna Silahlı Qüvvələri nə Donbası effektiv müdafiə edə, nə də işğal olunmuş ərazilərin azad edilməsini planlaşdıra bilər.