ABŞ federal hökumətinin üç rəsmisi Amerikanın Səsinə Birləşmiş Ştatların Ukraynaya 500 milyon dollara qədər əlavə hərbi yardım edəcəyini bildirib. Bu paketin ictimaiyyətə çərşənbə günü açıqlanacağı gözlənilir.
Paketə 55 Stryker (Strayker) və Bradley(Bredli) zirehli texnikasının daxil ediləcəyi deyilir.
Amerikanın Səsinə anonim qalmaq şərtilə danışan bir rəsmi bura həmçinin "Patriot" zenit-raket sistemləri üçün döyüş sursatlarının daxil olacağını və HIMARS artilleriya sistemləri üçün əlavə raketlər göndəriləcəyini bildirib.
Adının açıqlanmasını istəməyən digər bir rəsmi isə Amerikanın Səsinin rus bölməsinə bildirib ki, yardım paketinə Ukraynaya çoxlu sayda "Banqalor torpedolar"ı daxil ediləcək. Bu torpedolar sayəsində təxminən 4 metr enində tikanlı məftillərdən ibarət, sıx ağaclıq olan və ya minalı ərazidən keçmək mümkün ola bilər.
Rəsmi qeyd edib ki, az sayda "Banqalor torpedoları" Ukrayna üçün "son dərəcə faydalı" olub.