Suriyadakı ABŞ əsgərləri İranın dəstəklədiyi qruplaşmaların hücumları nəticəsində beyin travması alıb

Pentaqonun mətbuat katibi, briqada generalı Pat Rayder

Pentaqonun mətbuat katibi, briqada generalı Pat Rayder cümə axşamı jurnalistlərə bildirib ki, keçən həftə ABŞ podratçısının həlak olması ilə nəticələnən hücum da daxil olmaqla, İranın Suriyada dəstəklədiyi militantların ABŞ qüvvələrinə qarşı həyata keçirdiyi dörd hücum nəticəsində hərbçilərin azı altısı beyin travması alıb.

ABŞ ordusunun verdiyi məlumata görə, keçən cümə axşamı İran istehsalı olan pilotsuz uçuş aparatı ilə Əl-Həsəkə yaxınlığındakı bazaya edilən ilk hücum zamanı bir ABŞ hərbi podratçısı ölüb, beş hərbçi və bir başqa podratçı yaralanıb, hərbçilərin dördü kəllə-beyin travması alıb.

Jurnalistlərlə danışmaq səlahiyyəti olmadığı üçün adının açıqlanmasını istəməyən bir ABŞ hərbçisi Amerikanın Səsinə hücumda istifadə edilən pilotsuz təyyarənin İran istehsalı olan “Qasef-1” olduğunu deyib.

Birləşmiş Ştalar keçən həftənin cümə axşamı cavab olaraq ABŞ Mərkəzi Komandanlığının İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəsi olan qruplar tərəfindən obyektlərə mütənasib və məqsədyönlü şəkildə dəqiq olduğunu bildirdiyi zərbələr endirib.

ABŞ müdafiə naziri Lloyd Ostin keçən həftə "Əsgərlərimizə hücum edən heç bir qruplaşma cəzasız qalmayacaq" deyib.

Rayder bildirib ki, ABŞ-ın zərbələri nəticəsində SEPAH-la əlaqəli 8 yaraqlı öldürülüb. Suriya İnsan Haqları Müşahidə Qrupu isə zərbələr endirilən zaman 19 nəfərin öldüyünü bildirib.

CENTCOM-un məlumatına görə, martın 24-ü axşam və 25-i səhər saatlarında Suriyadakı ABŞ və koalisiya qüvvələrinə üç, "Yaşıl Kənd" kimi tanınan posta iki və missiyanı dəstəkləyən "Konoko" obyektinə bir hücum həyata keçirilib.

Hərbi məmur Amerikanın Səsinə deyib ki, İranın dəstəklədiyi bu hücumlar koordinasiya edilib və əvvəlki hücumlardan bəziləri ilə müqayisədə "daha yüksək səviyyəlilik nümayiş etdirib".

"Konoko"ya edilən hücum zamanı bir ABŞ hərbçisi yaralanıb və "Yaşıl Kənd"i hədəf alan hücumlar nəticəsində hərbçilər arasında azı iki nəfər beyin travması alıb.

Pentaqonun dediyinə görə, əsgərlərdə beyin travmaları hücumdan sonrakı müayinələr zamanı müəyyən edilib.

ABŞ-ın Suriyanın şərqində kürd qüvvələrinə İslam Dövləti terror qruplaşmasının yenidən canlanmasının qarşısını almağa yardım etmək üçün təxminən 900 əsgəri var.