ABŞ Senatı Ukrayna, İsrail və Tayvana yardım paketini təsdiqlədi

Ağ Ev Respublikaçıların rəhbərlik etdiyi Nümayəndələr Palatasının etirazına baxmayaraq, çərşənbə axşamı ABŞ qanunvericilərini Ukrayna, İsrail və Tayvan üçün 95 milyard dollarlıq yardım paketini tez bir zamanda təsdiqləməyə çağırıb.

“Biz bunu etməsək, bu, təkcə müttəfiqlərimiz və tərəfaşlarımıza deyil, həm də potensial düşmənlərimizə mesaj göndərir ki, ABŞ-a güvənmək olmaz, biz dünya səhnəsində lider olmaqda maraqlı deyilik,” Ağ Evin Milli Təhlükəsizlik Şurasının kommunikasiyalar üzrə müşaviri Con Kirbi müxbirlərə deyib.

Bundan bir neçə saat öncə ABŞ Senatı yardım paketini 70-29 səs fərqi ilə qəbul edib. Belə ki, 20-dən çox Respublikaçı çoxluqda olan Demokratlara qoşularaq onu dəstəkləyib.

Ukrayna Prezidenti Volodimir Zelenski tez bir zamanda minnətdarlığını bildirib və deyib ki, ABŞ-ın yardımı “insanların həyatını Rusiya terrorundan qurtarmağa yardım edir.”

“Amerikanın yardımı Ukraynada sülhü yaxınlaşdırır və qlobal sabitliyi bərpa edir və bu da bütün amerikalılar və bütün azad dünya üçün təhlükəsizlik və rifahın artması ilə nəticələnir,” Zelenski X sosial media platformasında yazıb.

Senatın çoxluq lideri Çak Şumer deyib ki, qanun layihəsinin “təkcə bizim milli təhlükəsizliyimizə deyil, təkcə müttəfiqlərimizin təhlükəsizliyinə deyil, Qərb demokratiyasının təhlükəsizliyinə böyük təsiri olacaq.”

“Bu qanun layihəsi ilə Senat bəyan edir ki, Amerika rəhbərliyi əl çəkməyəcək, əyilməyəcək, uğursuzluğa düçar olmayacaq,” Şumer yekun səsvermə nəticəsi elan ediləndən sonra deyib.

O, hər iki partiyadan qanunvericilərin dəstəyinin olduğuna işarə edib və Nümayəndələr Palatasında səsvermənin də bənzər nəticələnəcəyinə dair əminliyini ifadə edib.

Ancaq Nümayəndələr Palatasında Respublikaçılar Ukraynaya əlavə yardıma etirazlarını ABŞ-Meksika sərhədində təhlükəsizliklə bağlı tədbirlərin görülməsinə dair çağırışları ilə əlaqələndiriblər.

Nümayəndələr Palatasının spikeri Mayk Conson bazar ertəsi deyib ki, “prioritet dünyaya əlavə xarici yardım göndərmədən əvvəl Amerikanın öz sərhədində təhlükəsizliyi təmin etməkdir” və Senatın hazırkı qanun layihəsi “ölkənin üzləşdiyi ən mühüm məsələlərlə bağlı səssizdir.”

Senat Respublikaçıları ötən həftə ABŞ-Meksika sərhədində hər gün minlərlə miqrantın Birləşmiş Ştatlara axının azaltmaq üçün məhdudiyyətləri gücləndirmək müddəaları ilə birlikdə xarici yardımı da əhatə edən qanun layihəsinin təsdiqlənməsinə əngəl olublar.

ABŞ-ın sabiq prezidenti Donald Tramp sərhədlə bağlı qanun layihəsinin kifayət qədər sərt olmadığını bildirərək, ona etiraz edib, Respublikaçı qanunvericilər də həmçinin.

Senat sadəcə yardım paketi üzərində səs vermə keçirib. Çərşənbə axşamı təsdiq olunan paketə Ukrayna üçün 61 milyard, İsrail üçün 14 milyard və Hind-Sakit okean regionundakı tərəfdaşlar, o cümlədən Tayvana dəstək üçün 5 milyard dollar və başqa yardımlar daxildir.

Pentaqon Ukraynaya ən son yardımı 2023-cü ilin dekabrın 27-də göndərib.

Prezident Co Bayden ötən həftə deyib ki, Konqresin Ukrayna üçün əlavə yardımı təsdiqləməməsi “birabırçılıq” olardı.

“Birləşmiş Ştatlar Konqresinin, Ukraynanı dəstəkləməməsi, belə bir şey olsa, cinayətə qarşı etinasızlığa yaxındır. Bu, biabırçılıqdır,” Bayden deyib.

Ümumilikdə, Respublikaçılar İsrailin HƏMAS militatnlarına qarşı müharibəsi üçün daha çox yardımı dəstəkləyiblər, baxmayaraq ki, bir çox ABŞ qanunvericiləsi, xüsusən də mütərəqqi Demokratlar, İsraili HƏMAS-ın oktyabr ayında İsraildə, İsrailin bildirdiyinə görə, 1200 nəfərin ölümü ilə nəticələnən terror hücumundan sonra Qəzzada, fələstinli səhiyyə rəsmilərinin 28 000-dən çox insanın ölümünə səbəb olduğunu söylədiyi əks-hücumun miqyasına görə qınayıblar.

Ancaq Trampı dəstəkləyən bəzi sağçı Respublikaçı qanunvericilər Ukrayna Rusiyanın hərbi təcavüzünə qarşı mübarizəsi üçün daha çox yardım göndərməyin əleyhinə fikirlər səsləndiriblər və bu da əksər Demokratların dəstəyinə rəğmən, yardımın təsdiqlənməsini çətinləşdirib.