ABŞ məktəblərindəki marş orkestrləri tədris proqramına daxildir [Video]

Your browser doesn’t support HTML5

2014-cü ilin Super Boulu tarixdə ən çox baxılan oyunlardan biri oldu. Bu matçı 115 milyon insan seyr etdi. Oyunu pop ulduzu Bruno Mars açdı. Lakin fasilə Amerika futbolunun adəti üzrə “Marching band” kimi tanınan marş orkestrinin ifası ilə müşayiət olundu. Bu addımlayan orkestrlər Birləşmiş Ştatların məktəb və kolleclərində başlıca rol oynayır.

Bu, Bell orta məktəbi ilə Vaşinqtonun Makkinli texnoloji məktəbi arasındakı yarışmadır. Bell məktəbinin marş orkestrinin direktoru Castin Cakobs musiqi rəqabətinin çox zaman heç-heçə ilə başa çatdığını deyir. “Əgər sənin futbol komandan varsa, sənin marş orkestrin də mütləq olmalıdır. Hətta futbol komandası zəif olsa belə, ona orkestr mütləq lazımdır.

”Marching band" deyilən bu musiqi qrupları eyni zamanda həm marş, həm də rəqs ritmləri ifa edir. Bəzi məktəblərdə isə marş orkestrləri tədris proqramına daxildir.

Virciniya ştatının Feirfaks mahalındakı Vestfild məktəbinin 250 nəfərlik musiqi qrupunun direktoru Stefan Panof: “Biz müsiqi qruplarını aşağı siniflərdən başlayaraq yuxarı siniflərə qədər təşkil edirik. Biz musiqi ilə məşğul olmaq istəyən uşaqlara müxtəlif alətlərdə ifa etməyi öyrədirik. Bununla biz onlara nailiyyət hissi aşılayırıq.

Panof deyir ki, sonradan məktəbin futbol oyunlarında çalan marş orkestri təkcə əyləncə deyil, həm də idmanın bir hissəsinə çevrilir. “Oz Diyarının Cadugəri” musiqisini ifa edən bu qrupda müxtəlif yaşlarda 78 şagird var. “Sizin necə addım atmanıza, necə ifa etmənizə, hər hərəkəti birlikdə necə etdiyinizə hakimlər qiymət verəcək. Burada hər şeyə bir yerdə qiymət verilir”.

Marş orkestrinin üzvü Ken Cekson musiqi ilə hərəkətin bir yerdə mükəmməl alınması üçün çox çalışmaq lazım olduğunu deyir. “Yadımda qalan ən pis xatirə qrupun 40 dərəcəyə qədər istidə açıq havada məşq etməsi idi. Biz hamımız tər içində idik".

Lakin çox çalışmaq öz bəhrəsini verir. Vestfild məktəbi keçən il Kaliforniyanın Pasadena şəhərində keçirilən prestijli “Qızılgül” paradına dəvət edilmişdi.