Co Bayden administrasiyası cümə axşamı İsrailin ultra-sağçı təşkilatına və İsrailin nəzarətindəki İordan çayının qərb sahilində olan bölgədə sabitliyi pozduğu deyilən dörd qeyri-qanuni gözətçi postuna sanksiyalar tətbiq edib.
"Birləşmiş Ştatların İsrailin özünün təhlükəsizliyinə hədə olan ekstremist zorakılığından və İordan çayının qərb sahilindəki qeyri-sabitlikdən dərin narahatlığı davam edir," Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.
ABŞ hökuməti üç israilliyə sanksiya tətbiq etməklə yanaşı, İsrail hökumətini israillilər və fələstinlilər arasında iki dövlətlə bağlı həll yolunda irəliləyişə mane olduğuna inandığı ekstremist addımların qarşısını almağa çağırıb.
"Biz qətiyyətlə İsrail hökumətini bu şəxsləri və qurumları məsuliyyətə cəlb etmək üçün təcili addımlar atmağa çağırırıq. Belə addımlar atılmadığı təqdirdə, biz öz tədbirlərimizi tətbiq etməyə davam edəcəyik," Miller deyib.
Cümə axşamı tətbiq edilən sanksiyaların hədəflərindən biri ivrit dilindən tərcümədə "Müqəddəs Torpaqda assimilyasiyanın qarşısının alınması" - qeyri-hökumət "Lehava" təşkilatıdır. ABŞ Dövlət Departamentinin məlumatına görə, "Lehava"nın 10 mindən çox qeydiyyatdan keçmiş üzvü var və İordan çayının qərb sahilindəki fələstinlilərə qarşı zorakılıq törətməklə məşğul olur.
Dövlət Departamenti sanksiyaya məruz qalan dörd forpostun (gözətçi postu) fələstinlilərin suya çıxışı məhdudlaşdırmaq, otlaq sahələrini məhv etmək və hücumlar kimi fəaliyyətlərlə məşğul olduqlarını bildirib. Sanksiyalardan biri bilavasitə qəsəbə sahibinə tətbiq edilib.
Sanksiyalara eləcə də Qəzzaya gedən yardım karvanlarına hücum edən "Tsav 9" qrupunun iki israilli lideri də məruz qalıb.
Bayden administrasiyasının israilli köçkünlərə qarşı son addımları İordan çayının qərb sahilinin zəbtini dəstəkləyən Baş nazir Benyamin Netanyahunun hakim koalisiyasının bəzi üzvlərini qəzəbləndirib.
İsrail 1967-ci ildən bəri fələstinlilərin müstəqil dövlətin bir hissəsi kimi qurmaq istədiyi İordan çayının qərb sahilini işğal edib. Orada bir neçə yəhudi qəsəbəsi salınıb və əksər ölkələr onları qanunsuz hesab edir.