ABŞ-ın Rusiya oliqarxlarına qarşı sanksiyaları müəyyənləşir

Birləşmiş Ştatlar çərşənbə günü Rusiya Prezidenti Vladimir Putinin rejimini dəstəkləyən zəngin rusların aktivlərini müəyyən, ələ keçirmək üçün hərtərəfli səylər elan edib.

Ədliyyə Nazirliyinin başçılıq etdiyi və Prezident Co Baydenin çərşənbə axşamı illik hesabat məruzəsində işarə etdiyi yeni təşəbbüs KleptoCapture Əməliyyatı adlanır.

“Bu gün rus oliqarxlar və bu zorakı rejimdən fırıldaqçılıq yolu ilə milyardlarla dollar pul qazanan saxtakar liderlərə deyirəm: Artıq yox! Ədliyyə Nazirliyi rus oliqarxların törətdikləri cinayətləri təqib etmək üçün xüsusi işçi qrupi yaradır. Biz avropalı müttəfiqlərimizlə birlikdə sizin yaxtalarınızı, sizin lüks mənzillərinizi, sizin özəl təyyarələrinizi tapıb, onları ələ keçirəcəyik. Biz sizin qanunsuz qazanclarınızın dalınca gəlirik,” Bayden deyib.

Baş prokuror Merrik Qarland çərşənbə səhər yeni işçi qüvvəsinin yarandığını elan edib və bildirib ki, onun məqsədi ötən həftə Ukraynaya hərbi müdaxiləsindən bəri Rusiyaya qarşı bir sıra iqtisadi sanksiyaların cəzalarını tətbiq etmək olacaq.

“Ədliyyə Nazirliyi bu sanksiyaları pozan şəxslər və qurumların aktivlərini ələ keçirmək üçün bütün səlahiyyətlərindən istifadə edəcək,” Qarland deyib. “Biz cinayət əməlləri Rusiya hökumətinə bu ədalətsiz müharibəni davam etdirməyə imkan yaradan şəxslərin təqibi, həbsi və mühakimə olunması üçün daş üstə daş qoymayacağıq. Açıq deyim: Əgər bizim qanunları pozsanız, biz sizi cavabdeh tutacağıq.”

Tanış alətlər

Ekspertlər deyir ki, aktivlərin tapılıb, ələ keçirilməsi işi kəşfiyyat məlumatlarının toplanması, məlumatların təhlili və beynəlxalq tərəfdaşlarla əməkdaşlığa əsaslanacaq ki, bu da cinayət təhqiqatlarında tez-tez istifadə edilən üsuldur.

“Biz daha öncə də aktivlərin ələ keçirildiyinin şahidi olmuşuq. Biz yaxtalar, mənzillər və başqa şeylərin konfiskasiya edildiyini görmüşük,” Vudro Vilson Beynəlxalq Alimlər Mərkəzinin qlobal elmi işçisi və Dövlət Departamentinin keşmiş baş iqtisadçısı Daniel P. Ahn deyib. “Burada alət fərqli deyil, miqyas fərqlidir.”

Ahn deyib ki, bəzi aktivlərin həqiqi sahiblərini müəyyən etmək “çətin kəşfiyyat problemi olacaq.” Çox zəngin şəxslərin sahib olduğu aktivlər adətən mürəkkəb saxta şirkətlər şəbəkəsi və hüquq-mühafizə orqanlarının dediyinə görə, “benefisiar sahibi” gizlədən başqa qurumlar tərəfində idarə olunur.

Yaxtalar hərəkətdədir

Avropa İttifaqı ölkələri, Birləşmiş Krallıq, ABŞ və başqa müttəfiqlər Rusiya bankları və Putinin zəngin tərəfdarlarına qarşı sanksiyalar tətbiq etməyə başlayandan bəri Rusiya oliqarxlarına məxsus və ya məxsus olduğu güman edilən yaxtaların sanksiyalara qoşulan ölkələrin limanlarını tərk etməyə başlayıb.

Onların bir neçəsi Birləşmiş Ştatlarla ekstradisiya sazişi olmayan Maldiv Respublikasına üz tutub.

Çərşənbə günü Londonun məşhur və uğurlu Çelsi futbol komandasının sahibi oliqarx Roman Abramoviç klubu satışa çıxardığını elan edib və kluba verdiyi rəxminən 2 milyard dollar borcdan da imtina edib. Britaniya Parlamentinin bir üzvü çərşənbə axşamı İcmalar Palatasında çıxışında bildirib ki, Abramoviç həm də Londonda bir sıra lüks əmlaklarını satmağa çalışır.

Aşkar aktivlərdən qurtuluş

Ekspertlər inanır ki, oliqarxlar asan şəkildə onlarla əlaqəndirilə bilən aktivlərindən qurtulmağa çalışa bilərlər, çünki ümid edirlər ki, onları ələ keçirmək Qərb hökumətlərini qane edəcək.

“Mən kleptokratamsa və onların mənim aktivlərimin çoxunu ələ keçirmələrini istəmirəmsə, hər kəsin bildiyi şeylərdən qurtulacam və ümid edəcəm ki, onlar məndən əl çəkəcək,” RegTech Konsaltinq şirkətinin təsisçisi Cim Riçards Amerikanın Səsinə bildirib.

12 il Wells Fargo şikərtinin maliyyə cinayətləri riskinin idarə edilməsi şöbəsinin direktoru vəzifəsində çalışan Riçards deyib ki, Ambramoviç və digər oliqarxlar külli miqdarda sərvətlərini hüquq-mühafizə orqanlarının aşkar etməsi çətin və ya qeyri-mümkün olan mürəkkəb holdinqlərdə gizlətməklə ehtiyatlı davanıblar.

“Yəni, onların istəyəcəyi ən son şey sevgililəri, övladları və özlərinin sonda Moksvada bir mənzildə qalmalarıdır,” o deyib.

Sanksiyaların məqsədi

Qərb ölkələri Rusiya iqtisadiyyatına sanksiyalar tətbiq etməyə davam etdiyi bir vaxt onların əsas məqsədi sual edilə bilər.

Ahn deyib ki, sanksiyaların üç məqsədi olur və onlar üst-üstə düşə də düşməyə də bilər. Birnicisi, hədəfə iqtisadi ziyan vurmaqdır. İkincisi, hər hansı xüsusi hərəkətlərinin qarşısını almaq və ya dəyişməkdir. Üçüncüsü, sanksiyaya məruz qalan tərəfin konkret hərəkətlərindən narazılığını və ya bu hərəkətlərin qurbanı ilə həmrəy olduğunu ifadə etməkdir.

Ahn deyib ki, Rusiyaya iqtisadi ziyan vurmaq məsədi ilə tətbiq olunan sanskiyalar indiyə qədər uğurlu olub. Vaxt keçdikcə onların Rusiya iqtisadiyyatına təsiri artacaq. Amma Rusiyanın Ukraynaya təcavüzünə son qoymaq və ya qarşısını almaq baxımından sanksiyalar ən azından hələ ki, açıq-aşkar iflasa uğrayıb.

Ahn deyib ki, sanksiya rejimləri nə qədər çoxtərəflidirsə, onların simvolik uğurları da bir o qədər çox olur. Bu baxımdan, Rusiyaya qarşı görülən tədbirlər çox uğurlu olub və Putin hökumətinin reputasiyasında ciddi ziyan vurub.