Prezident Co Baydenin ABŞ-ın Rusiyadan enerji idxalına qadağa qoyduğunu bəyan etməsindən sonra dünya üzrə neft qiymətləri yüksəlib. ABŞ-ın bu addımının Rusiya prezidenti Vladimir Putin rejiminin Ukraynaya hərbi müdaxiləyə görə cəzalandırılması üçün ciddi nəticələri ola bilər.
ABŞ-da benzinin qiymətləri sürətlə artır. Kaliforniyada sürücülər benzin üçün bir il əvvəllə müqayisədə təxminən 30 faiz çox pul ödəyirlər. Vəziyyət daha da pisləşə bilər.
“Birləşmiş Ştatlar Rusiya iqtisadiyyatının əsas arteriyasını hədəf alır. Biz Rusiyadan bütün neft, qaz və enerji idxalını qadağan edirik. Bu o deməkdir ki, Rusiya nefti artıq ABŞ limanlarında qəbul edilməyəcək və Amerika xalqı Putinin müharibə maşınına növbəti güclü zərbəni endirəcək”, Prezident Bayden bildirib.
ABŞ prezidenti qadağanı elan etdiyi vaxt Böyük Britaniya bu il Rusiya neftinin idxalını mərhələli şəkildə dayandıracağını bidirib. Avropa İttifaqı bu il Rusiyadan təbii qaza tələbatın üçdə ikisinin azaldılacağını bildirib.
Təhlilçilərin bildirdiyinə görə, tədarük çatışmazlığı və qiymətlərin artması ilə Moskvanın enerji gəlirlərinə bunun qısa müddətdə təsiri o qədər böyük olmaya bilər. Lakin son nəticədə bu qadağanın maliyyə sanksiyalarının Moskvaya göstərdiyi təsirdən daha çox zərər vuracağı gözlənilir.
“Bunun vuracağı zərbəni dəqiq proqnozlaşdırmaq bir qədər çətindir, çünki bu, hər hansı bir anda neft və qazın qiyməti ilə bağlı olacaq. Lakin Rusiya nefti, qazı və ya kömürünün satışının ciddi dərəcədə azalması Rusiya iqtisadiyyatına zərər vuracaq, çünki bu mallar üçün vahid məsrəflərin sadə artımı (ABŞ və Avropa) iqtisadiyyatlarında belə dramatik dönüşü tam şəkildə kompensasiya etməyəcək”, Alman Marşal Fondunun eksperti Kristine Berzina deyib.
ABŞ-ın Rusiyadan idxalı Amerikanın enerji təchizatının yalnız 8 faizini təşkil edir. Avropa İttifaqının isə təbii qaz təchizatının 40 və neftin 27 faizi Rusiyadan asılıdır.
Rusiya baş nazirinin müavini Aleksandr Novak Associated Press agentliyinə müsahibədə deyib: “Avropa bazarında Rusiya neftinin həcmini tez bir zamanda əvəz etmək mümkün deyil. Bu, bir ildən çox vaxt aparacaq və avropalı istehlakçılar üçün çox baha başa gələcək”.
Bayden qadağanı həm demokratlar, həm də respublikaçılar tərəfindən güclü təzyiqlərdən sonra tətbiq edib. O, ABŞ-ın strateji ehtiyatlarından 30 milyon barel neftin buraxılmasına icazə verib və onun administrasiyasının rəsmiləri Rusiyadan tədarük itkisini kompensasiya etmək üçün neft istehsalçıları olan Venesuela və Səudiyyə Ərəbistanı ilə danışıqlar aparır.
Quinnipiaq Universitetinin bazar ertəsi açıqladığı sorğu göstərir ki, ABŞ-da respondentlərin 71 faizi benzinin qiyməti qalxsa belə, Rusiya neftinə qadağanı dəstəkləyir.
Los Angeles sakini Jaklin Sent Anne: “Mən Ukraynada avtoritar rejimdənsə, burada qaz qiymətlərinin yüksək olmasını üstün tuturam”.
“Bu, düzgün iş üçün ödənilən qiymətdir”, Los Angeles şəhərinin daha bir sakini Erik Laks deyib.
Rusiyadan enerji təchizatına qoyulan qadağa və Ukraynada davam edən böhran dünya bazarında neftin qiymətinin kəskin artmasına səbəb olub. Çərşənbə axşamı qlobal xam neftin qiymətinin göstəricisi olan Brent markalı neftin qiyməti bir barel üçün 132 dollardan yuxarı səviyyəyə qalxıb.