Ağ Ev: Rusiya İrana etirazların yatırılması ilə bağlı məsləhətlər verə bilər

Ağ Evin mətbuat katibi Karin Jan-Pyer çərşənbə günü Bayden administrasiyasının İran xalqını dəstəklədiyini vurğulayıb, İran və Rusiya arasında iranlı etirazçılarla mübarizədə əməkdaşlıq ola biləcəyini deyib.

"Biz hazırda İranın əsas hüquqları üçün nümayişlər keçirən cəsur vətəndaşları və cəsur qadınlarının yanındayıq" , Jan-Pyer jurnalistlərə deyib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar "açıq nümayişlərin yatırılmasında Rusiyanın geniş təcrübəsindən istifadə edərək, etirazları idarə etmək üçün Moskvanın Tehrana təcrübələri barədə məsləhət verə biləcəyindən narahatdır".

Jan-Pyer əlavə edib ki, İranın Ukraynadakı müharibədə Rusiyaya yardım etdiyinə dair sübutlar "açıq və aydındır".

ABŞ da daxil olmaqla, Ukrayna və onun Qərb tərəfdaşları son həftələrdə Rusiya qüvvələrinin Ukraynaya hücumda istifadə etdiyi pilotsuz təyyarələrin İran tərəfindən təmin edildiyini bildirib. Rusiya İranın pilotsuz uçuş aparatlarından istifadə etməsini, İran isə onları Rusiyaya verməsini inkar edib.

Jan-Pyer deyib ki, "İran və Rusiya daha çox təcrid olunduqca, bir o qədər yaxınlaşır. Bizim İrana mesajımız çox və çox aydındır: Xalqınızı öldürməyi dayandırın və ukraynalıları öldürmək üçün Rusiyaya silah göndərməyi dayandırın".

Çərşənbə günü eyni brifinqdə Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi deyib ki, Rusiya ilə İran iranlıların insan və vətəndaş halarını pozmaq və ukraynalıların həyatını təhlükəyə atmaq üçün birlikdə çalışır.

"Birləşmiş Ştatlar İranın, iranlı qadınların və dünyanı cəsarətləri ilə ruhlandıran bütün İran vətəndaşlarının yanındadır. Biz dinc nümayişçilərə qarşı zorakılıq edən və ya başqa yollrla onların etirazlarını yatırtmağa çalışanların cavab vermələri üçün tədbirlər görməkdə davam edəcəyik" - deyə, Kirbi bildirib.