ABŞ-ın Rusiyadakı səfiri ilk dəfə Lefortovo həbsxanasında saxlanılan amerikalı jurnalistə baş çəkib

İvan Gerşkoviç

ABŞ-ın Rusiyadakı səfiri casusluq ittihamı ilə saxlandığı Moskva həbsxanasında amerikalı jurnalist İvan Gerşkoviçə baş çəkib.

Səfir Lin Treysi Twitter səhifəsində The Wall Street Journal-ın müxbirinə aprelin 17-də Lefortovo istintaq təcridxanasına getdiyini bildirib.

"İvan 2 həftə əvvəl haqsız yerə həbs olunduqdan sonra ilk dəfədir ki, onunla əlaqə saxlayırıq. Onun səhhəti yaxşıdır və güclü olaraq qalır. Biz bir daha onun dərhal azad edilməsinə çağırırıq" , Treysi deyib.

Birləşmiş Ştatlar Soyuq Müharibə bitdikdən sonra Rusiyada casusluq ittihamı ilə saxlanılan ilk amerikalı jurnalist Gerşkoviçə konsulluq icazəsi tələb edib.

Reuters xəbər agentliyi məhkəmə sənədlərinə istinadən bildirib ki,
Gerşkoviç həbsi və saxlanması ilə bağlı apellyasiya şikayəti verməyi planlaşdırır.

Reuters Moskvanın Lefortovo rayon məhkəməsinin aprelin 18-də Gerşkoviçin istintaq zamanı həbsdə saxlanması qərarına görə verdiyi şikayətə baxacağını bildirib.

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) martın 30-da bildirib ki, Gerşkoviçi Uralın Yekaterinburq şəhərində həbs edib və onu hərbi sənaye kompleksi ilə bağlı dövlət sirrini toplamaqda günahlandıraraq casusluq ittihamı irəli sürüb.

Wall Street Journal və Birləşmiş Ştatlar onun casusluqda əli olduğunu təkzib edib.

ABŞ Dövlət Departamenti aprelin 10-da Gerşkoviçin Rusiya tərəfindən "qanunsuz olaraq" həbs edildiyini bildirib və onun dərhal azad edilməsinə çağırıb. ABŞ prezidenti Co Bayden də beynəlxalq jurnalist təşkilatları ilə birlikdə Rusiyanı onu azad etməyə çağırıb.

Kreml Gerşkoviçin jurnalistika pərdəsi altında casusluq etdiyini deyib. Rusiyanın Xarici işlər naziri Sergey Lavrov ABŞ-a Gerşkoviçin sirləri əldə etməyə çalışarkən cinayət başında yaxalandığını bildirib.