Qadınlar ön cəbhədə [Video]

Your browser doesn’t support HTML5

Pentaqonun bu yaxınlarda qadınların döyüş zonalarında birbaşa iştirakına qoyulan qadağaları ləğv etməsi İraqda və Əfqanıstandakı döyüşlərdə savaşmış qadınlar üçün simvolik xarakter daşıyır.

Çavuş Kassandra Parti ön cəbhədə, döyüşlərdə iştirak edib. Onun ilk təcrübəsi 8 il bundan əvvəl İraqda, artilleriya batalyonunda olub. “Biz keşik çəkir, və reydlərin keçirilməsinə yardım edirdik.” deyə, Kassandra bildirir.

Kassandra İraqa ikinci dəfə göndəriləndə yaralanmışdı. O, deyir ki, hasara yerləşdirilmiş əldəqayırma bombanın partlaması nəticəsində bədən xəsarəti aldı. Qəlpələr Kassandra Partinin üzünü və kürəyini zədələmişdi. Cəbhədən qayıtdıqdan bəri o, xərçəng xəstəliyindən müalicə almış və iki uşaq anası olmuşdur.

Hal-hazırda Kassandra Yeddinci Hərbi Briqadada əsgərlərə təlim keçir. Bu işdə İraq təcrübələri ona yardım edir. “Orada qadın olduğun üçün ayrıseçkilik qoyulmurdu. Lazım gəldikdə silaha da, pulemyota da sarılırdıq.”

Buna görə də sabiq müdafiə naziri Leon Panettanın orduda olan qadınlara döyüş qadağasını ləğv etməsi Kassandra üçün gözlənilməz olmadı. “Onlar çiyin-çiyinə qulluq edir, yaralanır və hətta ölürlər. Və bu reallığı qəbul etməliyik.”

Kassandra Parti: “Biz müharibədə idik. Biz hamımız birlikdə idik və bizə “sən qadınsan, bunu edə bilməzsən” deyən yox idi. ‘Bizə əsgər lazımdır, qalx ayağa və irəli!’ deyərdilər bizə.”

Bəzi qadın əsgərlər hərbçi kişilərin qadınların müharibədə iştirakına etirazlarını eşitmiş olduqlarını deyirlər, amma çox az adam bu hissləri aşkar ifadə edir.

Kassandra Partinin hərbçi yoldaşlarından biri, onunla İraqda hərbi qulluqda olan çavuş Şon Yerbi cənab Panettanın bəyənatının onun üçün gözlənilməz olduğunu deyir. “Əvvəlcə mən təəccüb etdim, qadınlar döyüşlərdə iştirak edir. Lakin sonradan düşündüm - axı niyə də yox? Bu, bacarıqdan asılıdır və onlar bunun öhdəsindən gəlirlər.”

Çavuş Kasandra Parti şəxsi həyatı ilə hərbi xidməti arasında balans yarada bilib.
“Mən anayam və bu mənim birinci vəzifəmdir. Mən həm də əsgərəm. Bunların hər ikisi tərəzidə eynidir.”

Qadınlar üçün döyüş imkanları açılsa da, bu rollarda qadınların sayının artacağı güman edilmir. Hərbi strukturlar, fiziki tələblər və təlim standartlarında heç bir dəyişiklik planlaşdırmır. Kassandra Parti kimi əsgərlər üçün isə bu hüququn özü böyük şeydir.