Birləşmiş Ştatlar Ukraynaya 300 milyon dollar dəyərində hərbi yardımın yeni raundunu təqdim edir, bu, dekabrın sonundan bəri ilk belə elandır. Müdafiə rəsmiləri bunu ABŞ ordusunun satınalma qənaətləri sayəsində mümkün olan “ad hoc” paket adlandırırlar.
Milli Təhlükəsizlik müşaviri Ceyk Sallivan çərşənbə axşamı bildirib ki, bu barədə Co Bayden sərəncam verib. O, bu paketə artilleriya mərmiləri və çatışmazlıqların çox olduğu Ukrayna cəbhə xəttində çox ehtiyac duyulan HIMARS üçün sursatlar daxil olduğunu qeyd edib.
"Bu sursatlar ukraynalıların silahlarını bir müddət aktiv saxlayacaq, ancaq qısa müddətlik" – deyə, Sallivan bildirib.
Pentaqonun mətbuat katibi general-mayor Pat Rayder əlavə edib ki, paket zireh əleyhinə sistemlərlə yanaşı, Stinger zenit-raketləri ilə təmin olunacaq. Onun sözlərinə görə, artilleriya mərmilərinə 155 mm-lik ikili təyinatlı təkmilləşdirilmiş kasetli sursatlar daxildir və rəsmilər Amerikanın Səsinə ABŞ ordusunun artıq onlardan istifadə etmədiyini deyiblər.
Ağ Evin açıqlamasından əvvəl anonimlik şərti ilə jurnalistlərə danışan yüksək rütbəli müdafiə rəsmilərinin dediyinə görə, bu paketin maliyyələşdirilməsi ordunun “bir neçə ay ərzində çoxlu müqavilə tədbirləri” nəticəsində əldə edilən qənaətdən əldə edilib.
Rəsmilər tərəfindən verilən bir nümunədə ordu əvvəlcə 25 mm-lik mərmilərin qiymətini 130 dollar olaraq qiymətləndirdi, lakin qiyməti 93 dollara qədər aşağı sala bilib.