Ağ Ev prezident Barak Obamanın 15 nəfəri administrasiyada Senatın təsdiqi olmadan yüksək vəzifələrə təyin etmək qərarını müdafiə edib.
Bu gün televiziyada verdiyi müsahibə zamanı Ağ Evin müşaviri Deyvid Akselrod deyib ki, administrasiyanın federal hökumətdə yüksək vəzifələri tutmaq üçün 77 nominasiyası bir neçə aydır onun sözlərilə respublikaçıların yaratdığı çətinliklər üzündən təsdiq edilə bilmir. O deyib ki, prezident federal agentliklərdə mühüm vəzifələrin yerinə yetirlməsi üçün Senatın tətildə olduğu vaxt 15 təyinat etmək haqda qərara gəlib.
Həm respublikaçı, həm demokrat prezidentlər Senatın təsdiqi olmadan yüz dəfələrlə belə təyinatlar ediblər. Müxalifət partiyaları bu taktikanı prezidentin səlahiyyətlərindən sui-istifadə etməsi adlandıraraq bunu vaxtaşırı tənqid edir.