Amerika xilasediciləri Virciniya ştatında ABŞ hərbi dəniz qüvvələrinin qırıcı təyyarəsinin düşdüyü yaşayış binasının sakinlərinin hamısının sağ-salamat olduğunu bildirib.
Virciniya Biç (Virginia Beach) şəhərinin yanğınsöndürənlər batalyonunun rəisi Tom Riley bunu şənbə günü xilasediləcilərin bütün gecə itkin düşmüş üç nəfəri axtarmasından sonra elan edib.
Rəsmilər bildirir ki, F-18 qırıcı təyyarənin qəzaya uğraması nəticəsində təyyarənin pilotundan başqa zərər çəkmiş insanların hamısı tibbi yardım aldıqdan sonra xəstəxanadan çıxıb.
Təlim uçuşu zamanı qəzaya uğrayan ABŞ hərbi dəniz qüvvələrinin F-18 qırıcı təyyarəsinin yaşayış binası kompleksi üzərinə düşməsindən öncə iki ekipaj üzvü katapulta vasitəsilə xilas ola bilib.
Hərbi dəniz qüvvələrinin rəsmiləri qəzaya mexaniki problemin səbəb olduğunu bildirib. İki nəfərlik F-18 qırıcı təyyarə ABŞ hərbi dəniz qüvvələrinin Virciniya Biç şəhəri yaxınlığındakı bazasında qeydə alınıb. Bu ərazidə bir neçə hərbi baza yerləşir.