İslam Dövlətinin son zamanlar İraq və Suriyadakı nailiyyətləri bu radikal qrupa qarşı hava hücumlarının kifayət etmədiyini göstərib. Birləşmiş Ştatlar da daxil edilməklə, Qərb hələ də regiona ordu göndərmək istəmir. Bəzi yerli qüvvələr isə qəddar düşmənlə vuruşmaqdansa, qaçmağı üstün tutur.
On minlərlə insan Ramadidəki İslam Dövlətinin zorakılığından qaçmağa məcbur olub. İraqın təhlükəsizlik qüvvələri paytaxtın yollarını bağlayıb. “Bağdadın Əməliyyat Komandası xaos yaranmaması üçün yüz minlərlə köçkünün şəhərə girməsinə imkan vermədi. Köçkün ailələrin girişi sistematik şəkildə həyata keçirilməlidir “ deyə, general-leytenant Əbdül Əmir Əl Şəmari bildirir.
İraqın baş nazir müavini hökumət qüvvələrini günahlandırıb. “Belə hallar qəbuledilməzdir. Nə olursa olsun, buna imkan verilməməli idi. Vəziyyət elə həddə çatıb ki, biz acından və suzundan ölən iraqlılara biganə qala bilmərik.”
Bu arada isə Suriyadan gələn xəbərlərdə İslam Dövləti döyüşçülərinin ələ keçirdikləri tarixi Palmira şəhərində yüzlərlə sakini öldürdükləri deyilir.
Birləşmiş Ştatlara İraq və Suriyaya quru qüvvələr göndərməsi ilə bağlı təzyiqlər göstərilsə də, həm Obama administrasiyası, həm də amerikalıların çoxu buna qarşı çıxaraq, bu müharibənin çox baha başa gələcəyini deyirlər. Respublikaçı qanunvericilər prezident Obamanın İslam Dövlətinə qarşı startegiyasının olmadığını deyərək, onu tənqid edir. “Aldığımız xəbərlərdə Palmirada insanların edam edildiyi və cəsədlərin küçələrdə qaldığı deyilir. Birləşmiş Ştatlar prezidenti isə bizim ən böyük düşmənimizin iqlim dəyişikliyi olduğunu deyir” deyə, senator Con Makkeyn bildirir.
Birləşmiş Ştatların müdafiə naziri Eşton Karter ağır silahları qoyub qaçan İraq ordusunu tənqid edir. İraqın baş naziri Heydər Əl-Abadi İslam Dövlətinin geri oturdulacağına söz verir. “Mən sizi əmin ediərm ki, biz bunu tezliklə edəcəyik. Mən yaxın günlərdən danışıram.”
Qərbdə əmələ gələn konsensus budur ki, İslam Dövlətinə qarşı hərbi əməliyyatların ümumi strategiyanın tərkib hissəsi olmalıdır. Həmin strategiyada rəqib fraksiyalarla dialoq yer almalıdır ki, bu, ələlxüsus zülmkar rejimlə qəddar militantların arasında qalmış suriyalılar üçün olduqca mühümdür.