ABŞ İranın yüksək rütbəli məmurunu və Tehranla əlaqəsi olan daha üç nəfəri Amerikanın Səsinin aparıcısı Məsih Əlinejada qarşı uğursuz sui-qəsd planında iştirakda ittiham edib.
Nyu-Yorkdakı federal prokurorlar çərşənbə axşamı ictimaiyyətə açıqlandıqları bəyanatda İran İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli məmuru Ruhullah Bəzqandini və Tehranla əlaqəsi olan daha üç şəxsi 2022-ci ildə Bruklində Amerikanın Səsinin Fars xidmətinin jurnalisti Əlinejada sui-qəsd cəhdində iştirak etməkdə ittiham edib.
Bu, İnqilab Keşikçiləri Korpusunun yüksək rütbəli məmurunu İranın qadınlara qarşı repressiyalarının qatı tənqidçisi olan iran mənşəli amerikalı Əlinejadı öldürmək planında rol almaqda birbaşa ilk ittihamdır.
Federal Təhqiqat Bürosunun direktoru Kristofer Rey açıqlamasında "Bugünkü ittihamnamə İranın amerikalı jurnalisti İran rejimini tənqid etdiyinə görə susdurmaq planının tam miqyasını ifşa edir. Bu ittihamlardan göründüyü kimi, Federal Təhqiqat Bürosunu amerikalıları hədəf alanları məsuliyyətə cəlb etmək üçün burada və xaricdəki tərəfdaşlarımızla işləyəcək" deyib.
İttihamnamədə Bəzqandi SEPAH-ın briqada generalı kimi təsvir edilir. ABŞ Maliyyə Nazirliyi keçən il onu əks-kəşfiyyat rəsmisi adlandırmışdı.
Əlinejad deyib ki, bu ittihamnamə İran hökumətinin öz tənqidçilərini susdurmaq üçün hansı addımları atacağını təsdiqləyir.
"Bu, İnqilab Keşikçilərinin DNT-sində yerləşdiyini göstərir" - deyə, o Amerikanın Səsinə bildirib.
Federal Təhqiqat Bürosu bu xəbəri çərşənbə axşamı səhər Əlinejada bildirdikdə, o, həyəcan və kədər hissi keçirdiyini deyib.
O, "Mən çox həyəcanlandım, çünki indi bizim sübutumuz var ki, İrandan bir adama ABŞ vətəndaşını öldürməyi əmr edən şəxs İnqilab Keşikçiləri Korpusunun üzvüdür. Mənim hisslərim qarışıqdır. Xoşbəxt, lakin eyni zamanda kədərliyəm, ona görə ki, eyni insanların [İran] daxilində günahsız qadın və kişiləri öldürməsinin qarşısını almaq mümkün deyil" deyib.
Maliyyə Nazirliyi Bəzqandiyə qarşı sanksiyalar tətbiq edərkən, onun Tehranın düşməni sayılan jurnalistləri və başqalarını öldürmək planlarında iştirak etdiyini bildirib.
Freedom House-a görə, İran transmilli repressiya kimi tanınan prosesdə xaricdəki jurnalistləri və fəalları hədəf almaq üçün sərhədlərini aşmaq ehtimalı yüksək olan ölkələr sırasındadır. Ümumi taktikalara müşahidə, təqib və hədə-qorxu daxildir.
Uğursuz sui-qəsd planı 2021-ci ildə Əlinejada qarşı uğursuz qaçırılma cəhdindən bir il sonra baş verib. Federal Təhqiqat Bürosu insan oğurluğu cəhdinin Tehranın Əlinejadı İrana aparmaq planının bir hissəsi olduğunu bildirib.
Oğurluğa uğursuz cəhddən sonra ABŞ hökuməti Əlinejadı qorumağa başlayıb və təhlükəsizlik tədbiri olaraq, tez-tez yaşayış yerini dəyişir.
İran dünyanın ən çox senzura tətbiq edən ölkələr sırasındadır. Jurnalistləri Müdafiə Komitəsi-nin məlumatına görə, 2023-cü ilin sonunda İran dəmir barmaqlıqlar arxasında 17 jurnalist olan dünyanın ən pis jurnalist məhbuslarının olduğu ölkələr sırasında yer alıb.