İzləmə məlumatlarına görə, Tehran və ABŞ arasında gərginlik fonunda İranın bir ildən artıqdır saxladığı neft tankeri cümə axşamı beynəlxalq sulara doğru üzüb.
Marşal adaları bayrağı altında üzən "Advantage Sweet" tankeri 2023-cü ilin aprelində Küveytdən Chevron Corporation üçün 50 milyon dollar dəyərində neft daşıyarkən İran donanması tərəfində Hörmüz boğazında ələ keçirilib.
Associated Press-in təhlil etdiyi izləmə məlumatlarına əsasən, gəmi Birləşmiş Ərəb Əmirliklərinin Xor Fakkandaya gedir. Bu liman İranın nəzarətindən çıxan digər gəmilərin yan aldığı limandır.
İran gəminin yola düşməsini etiraf etməyib. Bu, cümə axşamı İran məhkəməsinin Vaşinqtonun İslam Respublikasına sanksiyalar tətbiq etməsindən sonra İsveç şirkətinin ölkədəki nadir bir dəri xəstəliyindən əziyyət çəkənlər üçün xüsusi sarğı və dərman tədarükünü dayandırmasına görə ABŞ hökumətini 6,7 milyard dollardan çox təzminat ödəməyə məcbur etməsindən sonra baş verib.
İran hökuməti əvvəlcə "Advanage Sweet"in başqa bir gəmi ilə toqquşduğu üçün saxlandığını desə də, bu iddia heç bir sübutla təsdiqlənməyib. Sonra İran rəsmiləri "Advanage Sweet"in saxlanmasını cümə axşamı qərara alınan məhkəmə işi ilə əlaqələndirib.
Dövlətə məxsus İRNA xəbər agentliyinin məlumatında deyilib ki, 6,7 milyard dollarlıq təzminat tələbi qurbanların ailə üzvləri, fiziki və emosional zərər görənlər də daxil olmaqla, 300 iddiaçının adından verilib. İRNA İsveç şirkətinin qərarından sonra 20-yə yaxın xəstənin dünyasını dəyişdiyini bildirib.