ABŞ Dövlət katibi Antoni Blinken bazar günü Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankarla görüşü zamanı Ukraynada "ədalətli və davamlı sülhün" yaradılmasının vacibliyini vurğulayıb. Görüş barədə Dövlət Departamenti məlumat verib.
Hindistanın müxtəlif mediasının bildirdiyinə görə, söhbət Hindistanın Baş naziri Narendra Modinin Ukraynaya planlaşdırılan səfəri fonunda baş verib. Çox guman ki, Modi avqust ayında Ukraynaya səfər edəcək. Bu, onun 2022-ci ilin fevralında Rusiyanın hərbi müdaxiləsindən sonra ölkəyə ilk səfəri olacaq və bu, Moskvada Vladimir Putinlə görüşdən bir neçə həftə sonraya təsadüf edəcək. Ukrayna prezidenti Volodimir Zelenski Modinin Rusiyaya səfərindən narazılığını və məyus olduğunu bildirib.
Qərb ölkələri Ukraynaya hərbi müdaxilədən sonra Moskvaya qarşı sanksiyalar tətbiq edərkən, Hindistan və Çin kimi Rusiyaya dost ölkələr ticarəti davam etdirib.
Dövlət Departamentinin Blinken və Caişankar arasında keçirilən görüşdən sonra bazar günü yaydığı bəyanatında "Dövlət katibi Blinken BMT Nizamnaməsinə uyğun olaraq, Ukrayna üçün ədalətli və davamlı sülhün əldə edilməsinin vacibliyini vurğuladı" deyilib.
Bazar günü Blinken və Caişankarın sosial media yazılarında görüşlərindən bəhs edilsə də, Ukrayna haqqında konkret heç nə deyilməyib.
Hindistan Ukraynaya təcavüzü ilə bağlı Rusiyanı birbaşa tənqid etməyib, lakin hər iki ölkəni münaqişəni dialoq və diplomatiya yolu ilə həll etməyə çağırıb. Dehli Rusiya ilə çoxdankı əlaqələrini əsas gətirərək, hərbi müdaxilədən sonra Qərbin Moskvaya təzyiqlərinə müqavimət göstərib.
Son illər Vaşinqton Hindistanı gücünü artıran Çinə qarşı potensial əks güc kimi gördüyü üçün Dehli ilə əlaqələri yaxşılaşdırmağa çalışır. Bununla belə, Modinin Rusiyaya səfəri zamanı Dövlət Departamenti Hindistanın Rusiya ilə əlaqələri ilə bağlı narahatlığını ifadə etdiyini bildirib.