ABŞ tarixində ilk dəfə olaraq ABŞ qanunvericiləri çərşənbə axşamı Nümayəndələr Palatası spikerini vəzifədən çıxarmağa səs verib.
Respublikaçı Kevin MakKarti öz partiyası tərəfindən təşkil olunan nadir səsvermədə 216-210 səs fərqi ilə spiker vəzifəsindən uzaqlaşdırılıb.
Respublikaçı nümayəndə Matt Qaetz MakKartinin keçən həftə mühafizəkar xərcləmə prioritetlərinin olduğu büdcə layihəsini təsdiq edə bilməməsindən sonra MakKartinin rəhbərliyi ilə bağlı məyusluğunu ifadə edərək, onun vəzifəsindən kənarlaşdırılması üçün bazar ertəsi axşam saatlarında səsvermə təklifi irəli sürüb.
Respublikaçılar Nümayəndə Palatasında cüzi səs fərqi ilə üstünlük təşkil etdiklərinə görə, MakKartinin uzaqlaşdırılması üçün Demokratlarla birgə bir neçə Respublikaçının səsverməsi kifayət edirdi. Respublikaçıların əksəriyyəti MakKartini vəzifəsində saxlamağa səs verib.
“Bizi xaosa sürükləmədən öncə uzun-uzun və çox düşünün, çünki biz spikerlik vəzifəsini boşaltsaq ora doğru gedirik” -deyə, nümayəndə Tom Kol çərşənbə axşamı Nümayəndələr Palatasında respublikaçı həmkarlarına səslənib.
Qaetz isə cavab olaraq deyib ki, “Mən MakKartinin əleyhinə səs verməyin xaos olduğunu düşünmürəm. Məncə 33 trilyon dollar borc xaosdur. Məncə 2,2 trilyon dollarlıq illik kəsir xaosdur.”
Bəzi Respublikaçılar da MakKartinin bu ilin əvvəlində Prezident Co Baydenlə borc limitini artırmaq müqabilində xərcləmə səviyyələrini məhdudlaşdırmaqla bağlı əldə etdiyi razılıqla əlaqədar məyusluqlarını ifadə ediblər.
Bundan öncə Nümayəndələr Palatasının heç bir spikeri vəzifəsindən çıxarılmayıb.
“Əgər mən birilərinin məni çıxarmaq istədiyi zamanları saysaydım, çoxdan getmiş olardım,” MakKarti çərşənbə axamı səhər saatlarında müxbirlərə deyib.
Demokratların lideri Hakim Cefris çərşənbə axşamı səhər sattlarında Demokrat həmkarlarına ünvanladığı məktubda kokusunu MakKartini spiker vəzifəsindən uzaqlaşdırmağa səs verməyə çağırıb.
“Nümayəndələr Palatası Demokratları irəliyə doğru işıqlı bir yolda ortaq dil tapmağa hazırdırlar. Təəssüf ki, bizim ifrat Respublikaçı həmkarlarımız eyni şeyi etməyə hazır olmadıqlarını göstərdilər. İndi Nümayəndələr Palatasında Respublikaçıların Vətəndaş Müharibəsinə son qoymaq Respublikaçılar Partiyasının üzvlərinin öhdəsinə düşür,” - Ceffris məktubda yazıb.
MakKartinin vəzifədən çıxarılması üçün 435 üzvlük Nümayəndələr Palatasında nümayəndələrin əksəriyyəti səs verməli idi. Respublikaçılar 221-212 səs fərqi ilə çoxluq təşkil edirlər.