ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, ABŞ qüvvələri bazar ertəsi İranın dəstəklədiyi qüvvələrə və onların İraqdakı obyektlərinə qarşı iki silsilə zərbə endirib.
Komandanlıq bəyanatında bildirib ki, ABŞ qırıcı təyyarələri çərşənbə günü yerli vaxtla səhər saatlarında “İraqdakı iki obyektə dəqiq zərbələr endirib” və bu zərbələr “İran və İranın dəstəklədiyi qruplar tərəfindən ABŞ və koalisiya qüvvələrinə qarşı hücumlara birbaşa cavab olub.”
Müdafiə rəsmisi Amerikanın Səsinə bildirib ki, ABŞ zərbələri Əl Ənbar və Curf əs-Səqr yaxınlığında İranın dəstəklədiyi Kətaib Hizbullah yaraqlı qruplaşmasının istifadə etdiyi əməliyyat mərkəzi və komanda-nəzarət mərkəzini hədəf alıb.
Müdafiə rəsmisinin dediyinə görə, iki obyektdə ABŞ-ın İraq və Suriyadakı bazalarına son hücumları dəstəkləyən Kətaib Hizbulla qüvvələri olub. Müdafiə rəsmisi əlavə edib ki, ilkin qiymətləndirmələr iki zərbə nəticəsində ən azı altı militantın öldürüldüyünü göstərir.
Bazar ertəsi ABŞ qüvvələri İraqda Əl-Əsəd Hərbi Hava Bazasına qarşı daha əvvəl yaxın mənzilli ballistik raket atmış İranın dəstəklədiyi proksi qüvvələri vuraraq öldürüb.
Bu, oktyabrın 17-də hücumlar artmağa başlayandan bəri ilk dəfədir ki, Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı ballistik raket atılıb və həm də ilk dəfədir ABŞ qüvvələri İraqa cavab zərbəsi endirib.
Bazar ertəsi İranın dəstəyi ilə edilən hücumlar ötən ayla müqayisədə eskalasiyanın olduğunu göstərir. Belə ki, balistik raketlər daha güclü ola və əvvəlki insidentlərdə istifadə olunan raket və dronlardan daha dağıdıcı yük daşıya bilər.
ABŞ-ın Mərkəzi Komandanlığı bildirib ki, balistik raket hücumu səkkiz ABŞ personalının xəsarət almasına səbəb olub və infrastruktura ziyan vurub.
Pentaqon bildirib ki, ABŞ qüvvələri İranın dəstəklədiyi yarı-hərbi dəstə maşınının yerini və hücumda əli olan bir sıra personalın yerini müəyyən edə bilib. Daha sonra AC-130 döyüş gəmisinin ekipajı cavab olaraq “özünümüdafiə zərbəsi” həyata keçirərək, üç düşmən döyüşçüsünü öldürüb.
İranın dəstəklədiyi proksilər Prezident Co Bayden vəzifəyə gələndən bəri İran və Suriyada ən azı 150 dəfə ABŞ qüvvələrinə hücum ediblər. Bu barədə iki ABŞ müdafiə rəsmisi Amerikanın Səsinə bildirib. Oktyabrın 17-dən bəri ABŞ qüvvələrinə qarşı 60-dan çox raket və dron hücumları olub.
Ordunun məlumatına görə, bu hücumların çoxu ABŞ ordusu tərəfindən dəf edilib və ya onlar hədələrinə çata bilməyib və beləcə heç bir tələfata və ya infrastruktura ziyana səbəb olmayıb.
Ancaq bir neçə hücum nəticəsində onlarla ABŞ hərbçisi yaralanıb. Onların xəsarətləri travmatik beyin zədələrindən tutmuş qulaq pərdələrinin deşilməsinə, qəlpələrin yaratdığı yüngül xəsarətləri əhatə edir. Rəsmilər yaralıların sonradan vəzifələrinə qayıtdıqlarını bildirirlər.