Florida ştatı İdalia qasırğasına hazırlaşır

ABŞ-ın cənub-şərqindəki Florida ştatında insanlar sinoptiklərin çərşənbə günü quruya çatacağını bildirdiyi böyük qasırğaya hazırlaşır.

İdalia qasırğa gücünə çərşənbə axşamı səhər çatıb. Milli Qasırğa Mərkəzi gün ərzində fırtınanın sürətinin daha da güclənəcəyinin gözlənildiyini bildirib.

Qasırğa xəbərdarlığı Tampa şəhəri də daxil olmaqla, Florida ştatının Körfəz sahilinin böyük bir hissəsində qüvvədədir.

Florida qubernatoru Ron Desantis qasırğanın ştatda "ciddi təsiri" olacağı ilə bağlı xəbərdarlıq edib və 46 dairədə fövqəladə vəziyyət elan edib. Rəsmilər fırtınanın gəlişindən əvvəl 21 bölgədə insanların təxliyə edilməsinə çağırıb.

Bazar ertəsi DeSantislə telefonla danışan prezident Co Bayden ştatda fövqəladə vəziyyət elan edilməsini təsdiqləyib.

Florida ştatı xilasetmə və bərpa işlərinə hazırlıq üçün Milli Qvardiyanın 1100 üzvünü səfərbər edib.

Floridaya çatmazdan əvvəl İdalia qasırğası Kubanın qərbinə güclü yağışlar gətirib.