Avropa Birliyinin xarici işlər nazirləri Suriyanın yeni müxalifət lideri ilə görüşüb

Bu gün Avropa Birliyinin xarici işlər nazirləri ilə Suriyanın yeni müxalifət lideri Möaz Əl-Xatiblə Brüsseldə görüşüb. Bu görüş Suriyanın müttəfiqi Rusiyanın ölkədəki keçid dövrü zamanı xaricdən heç bir müdaxilənin olmamasına çağırdığı vaxta təsadüf edir.

Görüşdən sonra jurnalistlərlə görüşən Avropa Birliyinin Xarici Siyasət üzrə başçısı Katrin Əşton rejimlə müxalifət arasındakı zorakılıqların aradan qaldırılması üçün Suriyanın siyasi bir həll yolu tapmalı olduğunu deyib.

Rusiyanın Xarici İşlər Nazirliyinin bu gün açıqlağıdı bəyanatda dərhal atəşkəsə çağırılır və deyilir ki, Suriyada siyasi islahatları yalnız suriyalıların özləri etməlidir.

BMT-nin sülh elçisi Laxdar Brahimi bazar günü Cenevrədə Rusiya və Birləşmiş Ştatlar diplomatları ilə görüşüb. Görüş zamanı tərəflər Suriyada vəziyyətin daha da ağırlaşdığı, lakin məsələnin həllinin mümkün olduğu barədə razılığa gəlinib.

Birləşmiş Ştatlar hələ də prezident Bəşar Əl-Əsədin istefasına və ölkədə demokratik bir hakimiyyət qurulmasına çağırır.