ABŞ-ın Livandakı səfirliyi cümə axşamı Amerika vətəndaşlarını "hələ ki, kommersiya uçuşları mövcuddur, ölkəni mümkün qədər tez tərk etməyə" çağırıb.
Elektron poçtla göndərilən bəyanatda səfirlik Livandakı təhlükəsizlik vəziyyətini yaxından izlədiyini vurğulayıb.
Səfirliyin bəyanatında "Biz qalmaq istəyən ABŞ vətəndaşlarına fövqəladə hallar vəziyyəti üçün plan hazırlamağı tövsiyə edirik" deyilib.
Oktyabrın 17-də Dövlət Departamenti amerikalıları "gözlənilməz təhlükəsizlik vəziyyəti: səbəbindən Livana səfər etməməyə çağırıb.
Cümə axşamı Britaniyanın Beyrutdakı səfirliyi də öz vətəndaşlarına Livanı tərk etməyi tövsiyə edib.
Oktyabrın 7-də HƏMAS-ın İsrailin cənubuna əksəriyyəti mülki şəxslər olmaqla, 1400-dən çox adamın ölümünə səbəb olan genişmiqyaslı hücumundan sonra Hizbullah və müttəfiqi olan Fələstin qrupları İsraillə gündəlik atışmalara başlayıb.
O vaxtdan bəri İsrailin Qəzzaya davamlı zərbələri azı 3500 nəfərin ölümünə səbəb olub.
Bir çox ərəb və Qərb ölkələri artıq öz vətəndaşlarını Livana səyahət etməkdən çəkinməyə çağırıb. Çərşənbə günü Səudiyyə Ərəbistanı öz vətəndaşlarına Livanı dərhal tərk etmələri barədə xəbərdarlıq edib. Küveyt də bu ölkəyə səyahətlə bağlı xəbərdarlıq edib.
Avstraliya, Almaniya, Kanada və Fransa da Livana səyahətlə bağlı xəbərdarlıq edib. İspaniya isə vacib olmadığı təqdirdə səyahətdən çəkinməyi tövsiyə edib.
France Press agentliyinin məlumatına görə, Livanla sərhəddəki gərginlik azı 21 nəfərin həyatına son qoyub. Onlar Reuters xəbər agentliyinin jurnalisti və 3 mülki şəxs olmaqla, əsasən militantlardır.