ABŞ Səfirliyi Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbinə qəbul keçirir

GİPA

ABŞ-ın Azərbaycandakı Səfirliyi Gürcüstanın İctimai Əlaqələr İnstitutunun (GİPA) Azərbaycan vətəndaşları olan namizədləri arasından Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbinin (QJMİM) jurnalistika və media əlaqələri üzrə magistr proqramına tələbə qəbulu aparır.

ABŞ Səfirliyinin məlumatında deyilir ki, proqram üzrə dərslər ABŞ, Avropa Birliyi, Gürcüstan və Azərbaycandan olan müəllimlər tərəfindən aparılır. Bu proqram ABŞ-ın Dövlət Departamenti tərəfindən maliyyələşdirilir. Ümumilikdə proqramın məqsədi Qafqazda medianın gücləndirilməsidir.

“Beş və ya altı azərbaycanlı namizəd 2022-ci ilin sentyabrından 2024-cü ilin iyununa qədər dörd semestr ərzində təklif olunacaq proqram üçün seçiləcək. Jurnalistika, media, kommunikasiya, qrafika, fotojurnalistika, məzmunun işlənib hazırlanması və digər əlaqəli sahələrlə maraqlanan tələbələr müraciət edə bilər. Tələbələr 2022-ci ilin sentyabr ayından 2023-cü ilin dekabr ayına kimi Tbilisi şəhərində GİPA-da oxuyacaqlar. 2024-cü ilin may ayında isə onlar diplom işlərini müdafiə etmək üçün yenidən instituta qayıdacaq.”

Qəbul üçün Azərbaycan-Amerika qəbul komissiyası üzvlərinin Bakıda keçirəcəyi müsahibədən uğurla keçmək lazımdır.

Sənədlərin qəbulu üçün son tarix 1 may 2022-ci ildir.

Əsası 1994-cü ildə qoyulan Gürcüstanın İctimai İşlər İnstitutu özəl tədris ocağı olmaqla Qafqazda demokratik və bazar islahatlarına dəstək olmaq üçün yüksək ixtisaslı ictimai qulluqçular və jurnalistlər yetişdirən institutdur. Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbi 2001-ci ildə jurnalistika və media idarəçiliyi sahəsi üzrə tədris və təlim proqramları vasitəsilə Qafqazda müstəqil medianın inkişafını dəstəkləmək məqsədilə yaradılıb. İnstitutun açıldığı vaxtdan bəri ingilisdilli regional proqramı bitirərək 200-ə yaxın məzun jurnalistika və media əlaqələri üzrə magistr dərəcəsi əldə etmişdir.

İnstitutun Azərbaycandan olan məzunları yerli media sahəsində lider vəzifələrdə çalışırlar. Onların 85%-dən çoxu isə hazırda müxtəlif sahələrdə çalışır. GİPA-nin məzunlarımızın Azərbaycanda ən çox cəmləşdiyi media qurumları Turan, APA, 1news informasiya agentlikləri, CBC, BBC, Azadlıq/Azad Avropa radiosunun Rus və Azərbaycan xidmətləridir.