ABŞ-da təhsil alan xarici tələbələrin sayı artır [Video]

Your browser doesn’t support HTML5

Hazırda Amerika universitetləri və kolleclərində 900 minə qədər xarici tələbə təhsil alır. Onlardan demək olar ki, yarısı Asiyadan, əsasən Çindəndir. Dünyanın digər ölkələri ilə müqayisədə Birləşmiş Ştatlarda oxuyan xarici tələbənın sayı daha çoxdur və artmaqdadır.

Beynəlxalq Təhsil İnstitutunun açıqladığı yeni hesabatda deyilir ki, 2013-2014-cü illərdə Birləşmiş Ştatların ali məktəblərində təhsil alan tələbələrin sayı 886.000-dir ki, bu da əvvəlki illə müqayisədə 8 faiz çoxdur. 10 il əvvəllə müqayisədə isə xarici tələbələrin sayı ikiqat artıb. Bu rəqəm əsasən Çindən gələn tələbələr sayəsində artır.

Kolumbiya Universitetindən çinli tələbə Erik Ksyu. “Birləşmiş Ştatlarda sənin rəy söyləməyə və hansısa müəllim və ya professorla müzakirələr aparmağa imkanın var. Mən belə bir mühitdə təhsil almaq istəyirəm.”

Çinli tələbələrin sayının çoxaldığı bir vaxt, keçən ildən Küveytdən, Səudiyyə Ərəbistanından, Braziliyadan, hətta İrandan belə oxumağa gələn tələbələrin sayı artıb.

Birləşmiş Ştatların ali məktəblərində təhsil alan tələbələrin 4 faizdən çoxu xarici tələbələrdir. Təhsil işçiləri xarici tələbələrin Amerikaya oxumağa gəlməsinin faydalı olduğunu və onların Birləşmiş Ştatlardakı təxminən 4 minə yaxın ali təhsil ocağına yerləşə biləcəklərini deyirlər

Beynəlxalq Təhsil İnstitutundan Rajika Bhandari. “Biz bilirik ki, xarici tələbələr Birləşmiş Ştatlarda sinif otaqlarına qlobal perspektiv gətirməklə intellektual mühiti zənginləşdirir, və Amerikadan xaricə getməmiş tələbələrin dünya görüşlərinə təsir göstərirlər.”

Xarici tələbələrin eləcə də Birləşmiş Şrtatlar iqtisadiyyatına da müsbət təsiri olur. Dövlət katibinin təhsil üzrə yardımçısı Evan Rayan: “Bu il təhsil, mənzil və digər ödənişlər yerli və dövlət iqtisadiyyatına 27 milyard dollar gətirib.”

Birləşmiş Ştatlar Dövlət Departamenti və Təhsil Nazirliyi amerikalı tələbələrin xaricdə təhsil almalarına imkan yaradır. “Biz amerikalı tələbələrin xaricdə təhsil almaları və xarici dillər öyrənmələrinin Birləşmiş Ştatların rəqabət meydanında göstəricilərini yaxşılaşdıracağına inanırıq,” deyə, Evan Rayan bildirir.

2012-2013-cü illərdə 290,000 amerikalı tələbə Avropaya, əsasən də Britaniyaya oxumağa gedib. Lakin “Açıq Qapılar” adlanan son hesabat göstərir ki, hazırda Latın Amerikası ölkələri və Çinə oxumağa gedən tələbələrin də sayı artır.